“Yeni yanaşma Zəngəzur dəhlizi üzərindəki gərginliyi azaldır”.
Bu fikri Münxen görüşündən çıxan yeni reallıqları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Elxan Şıxəliyev bildirib ki, kommunikasiya yollarının üzərində nəzarət məntəqələrinin qurulması yeni yanaşmadır:
“Münxen görüşündə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən indiyənə qədər səsləndirilməyən yeni yanaşma səsləndirildi. Yeni fikirdə iki istiqamət var. Birinci məsələ iki vektorlu yanaşma üzərindən münasibətlər qurulmalıdır. İkinci məsələ də, kommunikasiya xətləri üzərində nəzarət məntəqələrinin qurulması oldu.
İndiyə qədərki danışıqlarda bu iki məsələ heç zaman vurğulanmırdı. Bu yeni yanaşmadır. Azərbaycan demək istəyir ki, Ermənistanla sülh sazişi paketi üzərində müzakirələr bu yöndə davam edəcək. Qarabağdakı Azərbaycan əsilli ermənilərin icmaları ilə bir istiqamətdə iş aparılacaq. Hər bir halda kommunikasiya yollarının üzərində nəzarət məntəqələrinin qurulması yeni yanaşmadır. Bu o deməkdir ki, sərhədlərin kəsişməsində nəzarət məntəqələri qurulacaq. Bunun qarşılığında Ermənistana təklif olunur ki, onlar da Azərbaycanı Naxçıvanla birləşdirəcək yolların üzərində nəzarət mənətəqələri qura bilərlər. Bu, əslində, dəhliz məsələsinə yeni yaşamadır.
Bu günə qədər Ermənistanla dialoqlarda səsləndirdiyimiz məqam ondan ibarət idi ki, dəhliz olsun. Ermənistan dəhlizi Rusiyaya təhvil vermək istəmir. Çünki dəhliz olanda nəzarəti Rusiya həyata keçirəcək.
Ermənistan bunu etsə də, etməsə də, Azərbaycan Laçın yolunda nəzarət məntəqəsini quracaq. Qarşı tərəfə yeni yanaşmanı eşitdirməkdə məqsəd olacaqlara hazır olun deməkdir. Proses Azərbaycanda başlayıb.
Ümumi yanaşma ondan ibarət idi ki, Laçın dəhlizi qalacaqdısa, erməni tərəfi də Zəngəzur dəhlizini açmalı idi. Erməni tərəfi Zəngəzur dəhlizini açmaq niyyətini ortaya qoymur. Demək ki, bu məsələ yeni müstəviyə keçdi.
İki vektorlu yaşama ondan ibarətdir ki, Ermənistanla 5 maddəli sülh sazişi paketi üzərindən danışıqlar davam edəcək. Qarabağdakı ermənilərlə münasibətlərə gəldikdə isə, Vardanyan qırmızı xəttimizdir, o getməlidir. Ondan sonrakı mərhələdə icmaların inteqrasiyası var idi, bərpa olunacaq”.
Səxavət Məmməd