“Ukraynadan fərqli olaraq Cənubi Qafqazda münaqişə 30 ildir davam edir. ABŞ bu 30 ilin sonunda strategiyasını dəyişərək sülhün əldə edilməsi ilə Rusiyanın regiondan çıxarıla biləcəyini düşünür”.
Bunu Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurmasından danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, əslinə qalsa, Cənubi Qafqazdakı Rusiya-Qərb mübarizəsi Ukrayna və digər regionlardakı münasibətlərdən daha qədim və köklüdür:
“Məsələ ondan ibarətdir ki, Rusiya Cənubi Qafqaza daha yaxındır və buranı arxa bağçası kimi hesab edir. ABŞ isə Rusiyanın zəifləməsi fonunda onun regiondakı nüfuzunu qırmağa çalışır.
30 illik Ermənistan-Azərbaycan münaqişəsinin kökündə dayanan məqamlardan biri də şübhəsiz ki, SSRİ-nin dağılması fonunda Rusiya və ABŞ arasında başlanan siyasi mübarizədir. Tərəflər mütəmadi olaraq ya Ermənistanı, ya da Azərbaycanı qoruyurlar.
Hazırkı sülh prosesində hər iki tərəf aktivliyini artırdığı müşahidə olunur. Hər iki tərəf öz maraqları əsasında sülh müqaviləsinin imzalanmasını istəyir. Düzdür, Rusiya bu müqavilənin bağlanmasında yox, münaqişənin davam etməsində maraqlıdır. Çünki münaqişənin qalması Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının davam etməsi deməkdir. Ancaq ABŞ sülh müqaviləsinin tez bir zamanda imzalanmasını istəyir. Bunun isə əsas səbəbi müqavilə sonrası Rusiyanın regiondakı fəaliyyətinin zəifləməsi və tədricən aradan qalxmasıdır.
Ukraynadan fərqli olaraq Cənubi Qafqazda münaqişə 30 ildir davam edir. ABŞ bu 30 ilin sonunda strategiyasını dəyişərək sülhün əldə edilməsi ilə Rusiyanın regiondan çıxarıla biləcəyini düşünür. Rusiya və ABŞ-nin qarşıdurması fonunda Cənubi Qafqazda Ukraynadakı kimi ikiqütblülük yaranmayacaq. Ancaq təbii ki, nəticə etibarilə gərginlik var. ABŞ bu gərginliyi daha çox sülh müqaviləsi ilə sonlandırmaqda maraqlıdır”.
Nəsimi Ələsgərli