Müqaviləsiz kirayə verilən evlərin YARATDIĞI PROBLEMLƏR: “Dövlət bu vətəndaşlarda maraq yaratmalıdır” – EKSPERT

“Dövlət evlərini müqavilə əsasında kirayəyə verən vətəndaşlarda maraq yaratmalıdır”.

Bunu mənzil müqaviləsi ilə bağlı vəziyyəti dəyərləndirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elnur Fərzəliyevə görə, müqaviləsiz verilən kirayə evlər dövlətə maddi ziyan vurmaqla yanaşı, ev sahibi üçün də bir sıra problemlər yaradır:

“Əslində kirayə verilən bütün evlər müqavilə yolu ilə olmalıdır. Müqavilə notariusla bağlanır. Müqavilə bağlananda yaşayış və qeyri-yaşayış sahəsi olmasından asılı olmayaraq, dövlətə 14 faiz vergi ödənir. Pandmeiya dövründə faiz dərəcəsi aşağı salınıb. Misal üçün, kirayə verilən mənzilin qiyməti 500 manatdırsa, bunun 8 faizi dövlətə vergi şəkilində ödənir. Təəssüf ki, bu gün kirayə verilən evlərin çoxu müqaviləsiz olur. Bu, gələcəkdə bir sıra problemlərin yaşanmasına səbəb olur. Problemlərdən biri budur ki, ev yiyəsi istənilən zaman kirayəşini evdən çıxara bilər. Bu halda kirayə götürənin hüquqları pozulur. Halbuki müqavilə olarsa, fors-major hallarda da kirayə götürənə 1 aylıq vaxt verilir və nəticədə onun hüquqları qorunur. Bəzən kirayə götürənlərlə də müəyyən problemlər yaşanır. Onlar ya evdən çıxmırlar, ya da evi sahibindən xəbərsiz satışa çıxarırlar. Xüsusən də ev yiyəsi xarici ölkədə yaşayırsa, bu hal baş verir. Rəsmi müqavilə olmadığına görə, problemi həll etmək də mümkün olmur. Bununla yanaşı, müqaviləsiz götürülən evlərin əksəriyyəti əxlaqsızlıq yuvasına çevrilir. Eyni zamanda həmin evlərdə cinayət hadisələri baş verdikdə, hüquq-mühafizə orqanları ev yiyəsini sorğu-suala tuturlar”.

Kirayə verən və kirayəyə götürən vətəndaşlar arasında maraq yaratmağın vacib olduğunu qeyd edən əmlak ekspertinə görə, işlərin rəsmi qaydada aparılması vergidənyayınma hallarını da azaldacaq:

“Kirayə məsələsinin rəsmi şəkildə həyata keçirilməsi fonunda vətəndaşlara müəyyən güzəştlərin edilməsinə ehtiyac var. Məsələn, bu gün vətəndaşlara ipoteka yolu ilə mənzillər verilir. İpotekada rəsmi maaş tələb olunur. Yaxşı olardı ki, kirayə verdiyi evinə görə vergi ödəyən şəxslər bankların xidmətlərindən yararlana bilsin. Bununla yanaşı, kirayə haqqını bank vasitəsilə ödəyən kirayəşinlər uğurlu müştəri hesab olunsun və onlara ipoteka krediti verilsin”.

Gülşən Şərif