Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Murov qartalı" Raqub Orucovun xanımı: "Onun yoxluğu sevinclərin boşluğudur"

Deyilənə görə, ad günü keçirtməyi xoşlamazdı. 40 yaşını da qeyd etməyib, “düşər-düşməzi olar,” deyib. O “düşməz” dediyi günü də ailəsi ilə yox, əsgərlərlə keçirib. Yaşasaydı bu gün 45 yaşını qeyd edəcəkdi. Yarımçıq qalmış ömründə çin olmayan arzuları o qədər hüdudsuz idi ki… Onun ən böyük istəyi məhz doğma yurdu Ağdamla bağlı idi.

Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Vətən uğrunda canından keçən “Murov qartalı” 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Onunla bağlı ən həzin xatirələri şəhidin xanımı Sevinc Orucova Yenicag.az saytına danışır.

– Bir yerdə qeyd etmədiyiniz ad günləri çox olub?

– Doğum tarixi yay ayına təsadüf etdiyindən, demək olar ki, əksər ad günlərini birlikdə qeyd etmişik. Raqub hansı bölgədə xidmət edibsə, biz də onun yanında olmuşuq. Evə çox gec gəlirdi.

– Hədiyyələrə münasibəti necə idi?

– Ağdamda idik. Hərbi hissə komandiri olanda övladlarım atalarına ad günü hədiyyəsi almaq istədilər. Əvvəlcə nə alacaqlarını fikirləşdilər. Bir də gördüm, böyük oğlum gedib balaca boz qurd heykəli alıb. Hələ də o hədiyyəni Ağdamdakı evimizin pəncərəsinin önünə qoymuşuq. Raqub məəttəl qaldı ki, Aqşin, belə bir hədiyyə ağlına haradan gəldi? İlkin də dedi ki, ata, səni boz qurda bənzədirəm. Orucov hədiyyə qəbul etməyə utanardı. Hədiyyə sevən insan deyildi.

– Raqub Orucovun döyüşə təsadüf edən ad günü olubmu?

– Yaxşı yadımdadır: 2014-cü il idi. Gözlədik, çox gec gəldi. Onun adına açdığım süfrədəki yeməkləri Ağdamdakı qohum-əqrabalarımız yedi. Gecə 1-in yarısında evə çox pis vəziyyətdə gəldi. Bütün əyni-başı toz içində idi. Biz də evdə pis olmuşuq ki, Raqub evə niyə vaxtına gəlmir? Əsəbiləşmişdik ki, komandir də oldu, vaxtında gəlmədi. Sən demə, səngərdən gəlirmiş. Ad günündə heç kefi də yox idi. Dedi, ad günümü səngərdə qeyd edib, gəlmişəm. Bizə heç vaxt hərbi işlərini danışmazdı.

– Raqub Orucov kimi atanı itirən övladlar üçün onun yoxluğunu qəbul etmək çox çətin olmalıdır…

– Balaca oğlumun 11, böyüyün isə 17 yaşı var. Raqub şəhid olan gün oğlum Aqşin atasının yaşı qədər böyüdü. Övladlarım uşaqlıq yaşamadılar. Bu uşaqlar Murovda böyüyüblər. Atalarının şəhid olması ilə sanki oğlanlarım yaşa doldu. Raqub ən çox balaca Nihadı istəyirdi. Özü elə deyirdi. Heç vaxt atasının ölümünü qəbul etmir. Qəbir üstünə getməz, getsə də kənarda dayanar. Heç vaxt məzar daşına yaxınlaşmır; onun yoxluğunu qəbul etmək istəmir. Gözləyir ki, atası bir gün geri gələcək.

– Yəqin, atası gecə yuxularına da girir…

– O uşaq heç vaxt danışmaz. Raqub şəhid olan günü dəhşətli idi. Bütün Azərbaycan ayaq üstəydi. Gec yatmışdıq, saat 3 olardı. Səhər yuxudan balaca oğlumun qışqırığına oyandıq. Dedi ki, ana, çox pis yuxu gördüm. Uşaq yuxunun dəhşətində idi. Sən demə, Raqub həmin saatlarda şəhid olubmuş. O uşaqla atası arasında bir bağlılıq vardı. Atasının bayrağa bükülmüş cənazəsi gələndə, balası qəbul etmədi. Bu boyda səs-küyə baxmayaraq, o uşaq qapını bağladı ki, yatıram. Yuxuda nə gördüyünü demədi. Nə qədər israr etsək də, susdu. Artıq o uşaqlarda uşaqlıq qalmadı, böyüdülər.

– Hansı övladınız atasının yolu ilə getmək arzusundadır?

– Daha çox Nihat hərbi oyunlarla maraqlanır. Atası həmişə ona ad günündə oyuncaq əsgərlər alardı. Hamı Raqub Orucov ola bilməz axı. Raqubda şəhid ananın, itirilmiş torpağın həsrəti var idi. Raqubun övladlarında da şəhid atanın nisgili var. Raqub kimi atanı itirmək bilirsiz nə deməkdir? Öz atana baxanda heç kimi görməməkdir… Sevinclərin boşluğu, uğurlarının uğursuzluğudur Raqub Orucov kimi atanı itirmək.

– Bəlkə də Sevinc Orucovanın varlığı onlara atasızlığı unutdura bildi…

– Elə ailələr var ki, orada atanın olub-olmadığı bilinmir. Amma Raqub tamam fərqli bir ata idi. O evə gələndə toy-bayram olurdu. Evimizdə əsl bayram onda qeyd olunurdu. Amma indi bayramların bayramsızlığı var bu evdə. Bu ailədə ata sevgisi tamam ayrıydı. Uşaqlar yarımçıq qaldılar. Bu gün Raqubun anım günü idi. Ağdamda ona olan sevgi tamam başqadı. Təsəvvür edin, Raqubun adına Ağdamda futbol turniri də keçirilir. Bu gün də həmin turnirin finalıdır. İnsanlar Orucovu alqışlarla dəfn etdilər. Heç bizə ehtiyac qalmadı. Bu gün inanmırıq ki, ölümündən sonra ikinci ad günündə məzarı başında izdiham ola. Gördük ki, bizdən əvvəl Raqub Orucovu sevənlər orada idi. Ağdamda da Bayraq təpəsində anım mərasimi keçirilib. İnsanlar ayaqüstə ürək sözlərini bildirirlər. Bir ayağı olmayan müharibə iştirakçısı gəlmişdi. Nə qədər elədik, onu otuzdura bilmədik. Dedi, Raqub orda yata bilir, mən burda dura bilmirəm? Bu sevgini məcburi yaratmırlar. İnsanların içindən gələn sevgidir.

– Hansı arzusu ürəyində qaldı?

– O arzular o qədər idi ki… Ən böyük istəyi anasının məzarını ziyarət etmək idi, ona da çatmışdı. Anasının məzarı Ağdamın işğal olunmuş Çullu kəndindədir. O, vətən aşiqi idi. Ən böyük arzusu isə Ağdam idi. Vətən onun üçün hər şey idi. Bu arzu onun ürəyində qaldı. Oğlu Aqşinin uğurlarını da görmək istəyirdi. İki ildən sonra oğlum ali məktəbə qəbul imtahanı verəcək. Balaca oğlum Nihadın şahmatda qələbə qazanmasına da çox sevinərdi. Övladlarının yüksəlişini görməyi arzulayırdı. Səngər görmüş insan olsa da, pessimist deyildi. Onda həyat eşqi o qədər güclüydü ki…

Amalı uğrunda hər şeyini qurban verdi. Onlar yeni bir tarix yaratdılar. 2 gün ərzində o boyda iş görməklə göstərdilər ki, qorxulu heç nə yoxdur. Onlar bu qorxunu məhv etdilər. Sadəcə, bizlər onları unutmamalıyıq. Şəhid yad edilməyəndə ölür.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

431
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM