Müsavat rəhbərliyinin “biznesi”: Qalmaqal dərinləşir

Ötən aydan etibarən, “mühacir biznesi” qalmaqalının alovlanması və bu məsələdə Müsavat Partiyasının adının xüsusilə hallanması ciddi rezonans doğurdu. Adıçəkilən partiyanın keçmiş və indiki üzvlərinin Müsavatın bu məsələdə iştirakını təsdiqləyən açıqlamaları “yüzillik təşkilat”ın çoxdan sarsılmış nüfuzuna öldürücü zərbə oldu.

Almaniya polisinin həyata keçirdiyi səs-küylü əməliyyatlar və Avropadakı Müsavatın Koordinasiya Mərkəzinin (MKM) əsas simalarının istintaqa cəlb edilməsi bu partiyanın rəhbərliyinə, konkret olaraq, Arif Hacılıya qarşı hüquqi addımların atılacağını da zaman məsələsinə çevirmişdi.

Açıq etiraf olunmalıdır ki, Azərbaycandan xaricə, əsasən də, Almaniyaya mühacirət etməyə qərar verən vətəndaşların “işini assanlaşdırmaq” üçün onların “siyasi təzyiqlərə məruz qaldıqlarını” təsdiqləyən arayışların verilməsində Müsavat Partiyası öndə gəlir.

Yuxarıda da qeyd olunduğu kimi, partiyanın keçmiş və mövcud təmsilçiləri bununla bağlı müxtəlif inkaredilməz faktları ictimailəşdiriblər. Digər tərəfdən, o da qeyd olunmalıdır ki, bu məsələdə “biznes” vurğusu varsa, deməli, həmin arayışlar heç də adi təəssübkeşlikdən verilməyib.

Müxtəlif mənbələr mühacirətə yollanmaq istəyənlərə verilən arayışlar üçün bir neçə min avro tələb olunduğunu əminliklə bildirilirlər. Onlara Almaniyada göstərilən “hüquqi yardım”ı da nəzərə aldıqda, bu məbləğin xeyli artdığı ortaya çıxır.

Bütün bu ittihamlar ümumiləşdirildikdə, başqan Arif Hacılı başda olmaqla, “mühacir biznesi”nin başında dayanan Müsavat rəhbərliyindəki şəxslər barəsində cinayət işi açılacağı gözlənilirdi.

Lakin Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin olunması Müsavat rəhbərliyinin “qanının arasına girdi”. Bu qərar həm gündəmin dəyişməsinə, həm də bütün diqqətin keçiriləcək seçkilərə yönəlməsinə səbəb oldu.

Şəraitdən faydalanan Müsavat rəhbərliyi də artıq bir neçə dəfə müzakirə apardığı yeni-köhnə müttəfiqlərinin mövqeyini heçə sayaraq, seçkidə iştirak haqqında qərar qəbul etdi. Ancaq gündəmin dəyişməsi Arif Hacılı və onun “çiçəkləndirdiyi” “mühacir biznesi” tozanağının səngiməsi anlamına gəlmir. Çünki Müsavat rəhbərliyinin adı artıq “mühacir alveri” ilə assosiasiya olunur. Onların bu ittihamlardan asanlıqla yayınmaları mümkün deyil.

Yeri gəlmişkən, Müsavat seçkidə iştirak qərarını açıqlayarkən, namizədlərin mümkün siyahısını da anons edib. Bəyan olunub ki, Müsavatın namizədlər korpusuna “keçmiş prezident, nazir” və daha kimlər daxil olacaq. Bu da Müsavatın seçiciyə ünvanlanan növbəti blefidir.

Əgər “prezident” dedikdə, İsa Qəmbər nəzərdə tutulursa, o prezident yox, prezidentin səlahiyyətlərini bir ay icra etmiş şəxs olub. Onun bir ay ərzində qəbul etdiyi qərarlar isə hələ də neqativ planda müzakirə edilməkdədir. Siyahıdakı “nazir”lərə gəldikdə isə onlar faydalı və işlərini bilən kadrlar olsaydılar, İsa Qəmbərin parlament sədri, Arif Hacılının isə dövlət müşaviri olduğu iqtidar Surət Hüseynovun bir həmləsi ilə yıxılmazdı.

Qısacası, Müsavatın seçkidə içtirak qərarı və Arif Hacılının ciddi-cəhdlə bəzəməyə çalışdığı namizədlər korpusu nə onu, nə də rəhbəri olduğu təşkilatı məsuliyyətdən xilas etməyəcək…

“Yeni Çağ” Analitik Qrupu