Reklam

Reklam

“AXCP ilə Müsavat ölkədə qarşıdurma yaratmaqdan başqa hər hansı dəyişikliyə nail olmadılar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 11 aprel seçkilərinə qatılmayan müxalifət partiyaları tərəfindən dəstəklənmək çağırışına aldığı cavablardan danışan prezidentliyə namizəd, Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib:

ADP sədri bildirib ki, bu seçkilər onun üçün gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən ciddi kampaniya olub:

“Ümid və Liberal-Demokrat partiyaları məni dəstəkləməklə bağlı qərar qəbul ediblər. KXCP sədri Mirmahmud bəy mənə dedi ki, dəstəklənməyimlə bağlı məsələ onların Məclisində müzakirə olunacaq və orada konkret qərar veriləcək.

Müsavat Partiyası məni dəstəkləməkdən imtina etdi. Xalq Partiyası seçkilərdə iştirak etməmək qərarı versə də, mənə hərtərəfli dəstək verəcək. Ancaq dəstəklə bağlı AXCP-yə müraciət etməmişəm”.

Cəlaloğlunun sözlərinə görə, dəstəklə bağlı imtina cavablarına görə, o, fərqli siyasi kurs yürütmək məcburiyyətində qalıb:

“Mənə belə gəlir ki, bu seçkilərdən etibarən, bizim Müsavat və AXCP ilə yollarımız tam ayrıldı.
Hər zaman Müsavat və AXCP ilə birlikdə, bir blokda olmağa, eyni istiqamətdə hərəkət etməyə çalışırdım. Ancaq bu seçkilər mənə aydın şəkildə göstərdi ki, o adamlar hər şeyi öz maraqlarına uyğun ölçürlər.

Onlar seçkiyə gedəndə sən o partiyaları dəstəkləməlisən, sənə lazım olduqda isə heç bir dəstək vermirlər. Həmçinin, etdiklərinin əksinə addım atırsansa, bunu xəyanət kimi qiymətləndirirlər.

Ona görə də Azərbaycanda artıq yeni müxalifətçilik olmalıdır. 30 ildir ki, Azərbaycan müxalifətinin avanqardı olmuş AXCP ilə Müsavat ölkədə qarşıdurma yaratmaqdan başqa hər hansı dəyişikliyə nail olmadı, siyasi münasibətlər düşmənçiliyə çevrildi, siyasi etika aradan qalxdı və sair.

Bu da onu göstərir ki, həmin partiyalar müasir dövrün nəbzini tutmur, sivil və demokratik müxalifətçiliyi həyata keçirə bilmirlər. O baxımdan, bu seçkilərdən sonra ADP fərqli müxalifətçilik yolu ilə gedəcək və çalışacağıq ki, heç vaxt Müsavat və AXCP ilə birlikdə olmayaq”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1886
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."