Musiqi məktəbinin müəllimi həbs edildi – Narkotikə görə

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Şəhər prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, Laçın şəhər 1 saylı uşaq musiqi məktəbinin müəllimi Rüstəmov Şərif Qurban oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Bakı şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsi ilə birgə əməliyyat tədbirləri həyata keçirilib.

Narkotik vasitələri əldə etmə saxlama, daşıma, satma maddəsi ilə əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Ş.Rüstəmov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 1,020 qram narkotik vasitə olan heroini əldə etdikdən sonra mayın 29-da tanışı Qurbanəli Səfərova satarkən tutularaq istintaqa cəlb edilib.

Fakta görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

COP29