Musiqimizin GÜNÜ: Adam bilmir “ağı” desin, yoxsa “yallı getsin” – Cəvahir Nehru yazır

18 sentyabr Milli Musiqi Günüdür. Adam bilmir təqvimin bu xoş günündə sevinsin, yoxsa, musiqimizin bugünkü vəziyyətinə baxıb ağlasın?

Baxırsan, efirlərə ərindən boşananlar, peşəsində tutuzdura bilməyənlər müğənni olub, səhnəyə çıxır, efirlərdə meydan sulayır. “Burda mənəm, Bağdadda kor xəlifə” ədası ilə sənətkara yuxarıdan aşağı baxır. Sənətkar demişkən, elə efirlərdə yaltaq aparıcılar tərəfindən sənətkar kimi təqdim olunan o müğənniciklər elə bilir, həqiqətən də sənətin asıdırlar. Elə ən böyük suç da telekanallardadır. Bu gün peşəkar bəstəkarlar, müğənnilər qalıb bir qıraqda, qeyri-peşəkarlara meydan verirlər, gecə-gündüz onları efirlərdə təbliğ olunur. Elələrini bütün günü efirdə görən tamaşaçı da həmin müğənniləri səviyyəli sənətkar kimi qəbul edir.

Efirə də hansı yollarla gəlib çıxırlar, hamı yaxşı bilir. Sözü, musiqisi bəlli olmayan “cakka-cukka” mahnıları sosial şəbəkələrdə məşhurlaşdırıb, deyirlər, trenddə birinciyik. Trenddin də, birinci olmağın da hansı yollarla mümkün olduğunu özlərinə yaxşı bəllidir.

Sosial şəbəkələrdə o mahnıların oxunması, təbliğ olunmasına sözümüz yox. Amma həmin səviyyəsiz mahnıların efirlərə ayaq açması rəzalətdir. Zərbə də yeni nəslə dəyir. Zövqlər pas atır, musiqi məhv olub gedir. Gənc nəsildən soruşsan, çoxu Üzeyir Hacıbəylini, Qara Qarayevi, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Emin Sabitoğlunu tanımayacaq. Əvəzində isə qeyri-peşəkar müğənnilərin adlarını çəkəcək. Bu da mədəniyyətimizin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə də belə xoş gündə sevinə də bilmirik.

COP29