O, bu torpağın oğlu idi və öz vətənini çox sevirdi. Elə ən gözəl mahnılarını küləklərin at oynatdığı doğma şəhərə, ona gecə-gündüz layla çalan mavi Xəzərə həsr etmişdi. Azərbaycana “ömrümün mənasısan, anamın anasısan”, – deyirdi. Onun heyrətamiz dərəcədə elastik olan bariton səsi insan qəlbinin fövqəladə təsirə malik çırpıntılarını ifadə etməyə qadir idi. Müslümün ecazkar səsinin pərəstişkarlarının alqış sədaları dünyanın ən məşhur konsert və tamaşa salonlarını titrədirdi…
Yenicag.az xəbər verir ki, avqustun 17-də dünyaşöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Birinci Fəxri xiyabanda məhrum müğənninin məzarını ziyarət edilərkən bu barədə bəhs olunub.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Murad Hüseynov populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirən istedadlı vokal ifaçısı Müslüm Maqomayevin dünya musiqisində tutduğu yer, onun parlaq və zəngin yaradıcılığı barədə danışıb, öz doğma vətəninə çox bağlı bir sənətkar olduğunu vurğulayıb.
“O, fantastik musiqiçi idi. Bu gün səhər mən onun vaxtilə məşhur Fransa səhnəsində ifa etdiyi Fiqaronun ariyasına qulaq asdım. Çox cəsarətlə deyə bilərəm ki, Fiqaronun ariyasını bu cür ifa edə bilən ikinci sənətkar tapmaq olmaz. Lakin o, nəinki ariyaların gözəl ifaçısı, əsl opera müğənnisi, dünyanın ən yaxşı vokal ifaçıları ilə bir sırada dayanan sənətkar idi. Onu nəinki keçmiş sovetlər birliyində, dünyanın hər yerində sevilən və yolu gözlənilən bir müğənni kimi sevilirdi. Bütün bunlarla yanaşı, o, çox təvazökar və sadə idi”, -deyə Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli bildirib. O, M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltəraş, pianinoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğunu qeyd edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov onun zahiri ilə daxili aləmin gözəlliyinin vəhdət təşkil etdiyini, təpədən dırnağa musiqi olduğunu söyləyib: “Şübhəsiz ki, Müslüm çox böyük istedad sahibi idi. O, peşəkar vokal müğənnisi kimi zaman-zaman ürəklərdə, xatirələrdə yaşayacaq. Müslüm öz təvazökarlığı və ürək açıqlığı ilə də həmişə xatırlanmağa, yad edilməyə layiq sənətkardır”.
Çıxış edənlər ötən əsrin 60-70-ci illərində böyük şöhrət tapan Müslüm Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıb, sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu kimi xarakterizə ediblər.
Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxışına bu sözlərlə başlayıb: “Hər dəfə Müslümün ad günündə onu sevən, xatirə işığına toplaşan çoxsaylı sənətsevərləri görəndə tüklərim biz-biz olur. Çox sağ olun ki, ona belə sevir və yüksək dəyər verirsiniz. İnanın ki, bu izdihamı, onun yaradıcılığının bu qədər pərəstişkarını görəndə həmişə həyəcanlanıram”.
O, daha sonra deyib: “Mən hər il iki-üç dəfə Bakıya gəlirəm, əvvəllər demək olar ki, hər ay gəlirdim. İndi səhhətim imkan verdiyi təqdirdə ildə iki dəfə, ən azı bir dəfə gəlirəm, çünki mən onunla nəfəs alıram. Onun olduğu hər yer mənə doğmadır – istər Bakı, istər Moskva, istər konsert salonları, istərsə də ev… O, bir an da olsa məndən ayrılmır, həmişə, hər yerdə mənimlədir”, – deyə fikrini yekunlaşdırıb.
Ziyarət zamanı Mədəniyyət Nazirliyinin nümayəndələri, bir sıra tanınmış mədəniyyət və incəsənət xadimi və ictimaiyyət nümayəndələri mərhum sənətkarın məzarı üstünə güllər düzüb, xatirə şəkilləri çəkdiriblər./Azərtac/