“Müstəqil dövlət olmaqdan başqa çıxış yolu yoxdur” – Diplomat

Şimali Kipr Türk Cümhuriyyətinin Ankaradakı keçmiş səfiri, Başkənd Universitetinin professoru Ahmet Zeki Bulunç nəticəsiz qalan Kipr danışıqları ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Biz bilirik ki, Sülh hərakatından sonra 1974-cü ildən bəri Kipr adasında atəşkəs əldə olunub. Şimali Kipr Türk Cümhuriyyətinin banisi prezident Rauf Denktaş illərlə yunan tərəfi ilə danışıqlar aparmaqdan yorulmadı və bu danışıqların heç bir nəticə verməməsində təqsirkar tərəf olmadı. Çünki o, yunan tərəfinin hədəflərini çox yaxşı bilirdi.

O hədəflərin əsassız olduğunu bildiyi üçün də danışıqların ədalətli nəticələr verməyəcəyinə əmin idi. Ona görə də hər zaman iki müstəqil dövlət formulunun tərəfdarı oldu və fikirlərini sona qədər müdafiə etdi. Mərhum prezidentimizdən sonra dəfələrlə danışıqlar aparılsa da, yunan tərəfi həmişə öz istəklərini qəbul etdirməyə çalışdı. Ötən zaman cənab Rauf Denktaşın nə qədər haqlı olduğunu bir daha sübut etdi.

Kipr türkləri öz müstəqil dövlətlərini qurmaq məsələsində qətiyyət nümayiş etdirərək, Cümhuriyyətin banisi Rauf Denktaşın ideyalarını davam etdirirlər. Fürsətdən istifadə edərək, banimizi bir daha hörmətlə və sevgi ilə anıram.”

Yenicag.az