!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müstəqil siyasətin AZƏRBAYCAN NÜMUNƏSİ: Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir

!Reklam – Yazi

Dünyanı hələ də təhdid altında saxlayan koronavirus pandemiyasının yeni vüsət aldığı ilk dönəmlərdən etibarən, Azərbaycan bu qlobal təhlükəyə qarşı özünün irəli sürdüyü və səylərin birləşdirilməsini nəzərdə tutan konstruktiv təşəbbüsləri ilə diqqət mərkəzinə düşüb.

Prezidenti İlham Əliyevin təşkialtçılığı ilə öncə Türk Dövlətləri Əməkdaşlıq Şurası (TDƏŞ), daha sonra isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşünün baş tutması Aəzrbaycanın beynəlxalq nüfuzunun bütün səviyyələrdə etiraf olunması kimi qiymətləndirir.

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində ölkəmizin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi tədbirlər, o cümlədən, Böyük Vətən Müharibəsində qələbənin 75 illiiyi, bu tarixi zəfərin üzərinə kölgə salınması cəhdlərinin yolverilməzliyi və Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumu haqda fikirlərini ətraflı ifadə edib.

Prezident İlham Əliyev müsahibənin əvvəlində Böyük Vətən Müharibəsi illərində Azərbaycanın insan resurslarının və sənaye potensialının tam şəkildə səfərbər edildiyini bildirərək, bu amilin SSRİ-nin yekun qələbəsində mühüm rol oynadığını deyib:

“Bilirsiniz ki, Azərbaycanda sənaye həmişə yüksək səviyyədə inkişaf edib və bizim müəssisələrdə Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri fasiləsiz rejimdə istehsal edilirdi. Əlbəttə, siz düzgün olaraq qeyd etdiyiniz kimi, Azərbaycan yanacağın ən mühüm təchizatçısı olub. O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi.

Əlbəttə, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər”.

Azərbaycan prezidenti qeyd edib ki, SSRİ-nin süqutundan sonra Böyük Vətən Müharibəsində əldə olunmuş qələbənin tarixi əhəmiyyətinin kiçildilməsinə yönələn cəhdlər yolverilməzdir və bu cəhdlərin qarşısı alınmalıdır. Dövlət başçısı bu sırada böyük Qələbədə əsas pay sahibi olan müharibə veteranlarına daim qayğı göstərilməsinin vacibliyini vurğulayıb:

“ Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik. Biz hər il veteranlar üçün mükafatlar ayırırıq. Bu il həmin mükafatın məbləği təxminən 900 dollar, manatla hesablasaq 1500 manat olacaq. İl ərzində də onların problemlərini həll edirik.
Deməliyəm ki, Azərbaycanda bizim ümumi qələbəmizə münasibət həmişə belə olmayıb. Təəssüf ki, müstəqilliyin ilk illərində, millətə zidd olan Xalq Cəbhəsi rejimi hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May Günü bayram təqvimindən silinmişdi. Müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün dövlət bayramıdır. Bu qeyri-iş günüdür. Ədalət zəfər çaldı”.

Prezident İlham Əliyev bildirib ki, vaxtilə Faşist Almaniyası ilə sıx əməkdaşlıq edən canilərin müasir dövrdə ideallaşdırılması və onlardan qəhrəman obrazının düzəldilməsi qəbulolunmaz haldır və buna qarşı qəti mövqe bildirilməlidir. Azərbaycan prezidenti bu sırada işğalçı Ermənistanda faşist əlaltılarının “milli qəhrəman” statusuna qaldırıldığını xüsusi vurğulayıb:

“Bizə gəldikdə isə, qeyd etdiyim kimi, mən bu məsələləri dəfələrlə qaldırmışam, o cümlədən MDB ölkələrinin sonuncu Zirvə görüşündə müzakirə mövzularından biri məhz bizim Böyük Qələbə bayramına, Qələbənin yubileyinə hazırlıq məsələsi idi. Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Yeri gəlmişkən, Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə deyirdi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adama Ermənistanda 6 metr hündürlüyündə heykəl qoyulur. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edir.

Mən bu məsələni qaldırmaqla MDB üzrə həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz, ilk növbədə, özümüzdə, öz təşkilatımızda hər şeyi öz adı ilə adlandırmalıyıq, burada siyasi korrektlik, selektivlik prinsipini və ya kiminsə xətrinə dəyməmək istəyini rəhbər tutmamalıyıq. Biz həqiqəti deməliyik, əks halda, bu təşkilat formatında diskussiyalar, səmimi desək, mənasını itirər. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm. Gördüm ki, Ermənistan nümayəndə heyətinin rəhbəri, baş nazir bu canini müdafiə etməyə başladı, dedi ki, nə olsun o, həbs düşərgələrində olub, Soljenitsın da həbs düşərgələrində olub. Bilirsiniz, bu yerdə protokol qaydalarını pozdum, yenidən çıxış üçün söz aldım və dedim ki, Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir. Ona görə bütün bunlar böyük təəccüb, heyrət doğurur və belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır”.

Azərbaycan dövlət başçısı onun təşəbbüsü ilə hazırda sədri olduğu Qoşulmama Hərəkatının Zirvə görüşünün təşkilini və bu tədbirin nəticələrini yüksək qiymətləndirib. Prezident bu təşəbbüsün uğurla gerçəkləşməsini Aəzrbaycanın dünya miqyasında nüfuzunun artması ilə əlaqələndirib:

“Bu Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar. Çünki əvvələn, o, yeni formatda, videokonfrans formatında keçirilirdi. İkincisi, Qoşulmama Hərəkatının Zirvə görüşləri bir qayda olaraq müəyyən dövriliklə keçirilir. Əgər bundan əvvəlki Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdisə, növbəti görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək ölkədə keçirilməli idi. Buna görə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu təşəbbüsü təbii ki, vaxtında irəli sürülmüşdü. Onu da deməliyəm ki, keçən ilin oktyabr ayında biz Qoşulmama Hərəkatında sədrliyi öz üzərimizə götürdük. Qeyd etməliyəm ki, Azərbaycan yekdilliklə Hərəkatın sədri seçilib, bu da çox əlamətdar amildir, çünki bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir və bu ölkələrin bəziləri arasında, yumşaq desək, gərgin münasibətlər var.
Lakin bizə göstərilən hörmət və etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib”.

Prezident İlham Əliyev Azərbaycanda koronavirus infeksiyası əleyhinə görülən qabaqlayıcı və təsirli tədbirlərin müsbət nəticələr verdiyini, bu fəaliyyətin sayəsində ölkəmizdə məlum infeksiyanın yayılma miqyasının xeyli kiçik olduğunu diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın koronavirusa həyata keçirilən mübarizədə əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə müsbət qiymətləndirildiyini bildirib:

“Son nəticələr barədə danışmaq hələ tezdir, lakin aralıq nəticələr göstərir ki, biz doğru yoldayıq. Yeri gəlmişkən, bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz bu işi Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib. Bu təşkilatın Baş direktorunun mənə ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə, yəni bu bəlaya qarşı mübarizədə nümunə göstərən ölkə adlandırılıb.

Biz dövlət xəstəxanalarının işini operativ surətdə tamamilə yeni formatda təşkil etdik. Bu gün 20-dən çox dövlət xəstəxanası koronaviruslu xəstələrin müalicəsi üçün təqdim edilib. O cümlədən, 575 çarpayılıq yeni ən müasir xəstəxana bütünlüklə koronaviruslu xəstələrə təqdim edilib. Biz operativ surətdə əlavə laboratoriyalar aldıq. Hazırda 23 bu cür laboratoriyamız var, lazım gəlsə yenə alacağıq. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Biz 160 mindən çox test keçirmişik. Əlbəttə, bu, xəstəliyin yayılma ocaqlarının, o cümlədən regional baxımdan aşkar olunmasına kömək edir. Mayın 4-dən, bundan əvvəl isə aprelin 27-dən karantin rejimi müəyyən qədər yumşaldılmağa başlanıb. Bu, onunla bağlı idi ki, son 3 həftədə pozitiv dinamika müşahidə edirik, yəni sağalanların sayı yoluxanların sayından çoxdur. Biz həm də həkimlərimizə, tibb işçilərinə çox qayğı ilə yanaşırıq. Koronaviruslu xəstələrə xidmət edənlər üçün onların aylıq maaşından 3, 4, 5 dəfə yüksək xüsusi maaş əlavələri tətbiq edilib. Ona görə də bu məhdudlaşdırma tədbirlərinin, o cümlədən müalicə prosesinin düzgün təşkilinə yönəlmiş tədbirlər kompleksi sayəsində biz hələlik bu vəziyyətdən minimum itkilərlə çıxa bilirik”.

Azərbaycan prezidenti pandemiyaya səbəbindən əziyyət çəkən vətəndaşların və biznes quruluşlarının dövlətin sosial qayğısı ilə tam əhatə edildiklərini, bu məqsədlə kifayət qədər irihəcmli büdcə ayrıldığını qeyd edib:

“Onu da deməliyəm ki, biz pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayırmışıq. Bu paket, ilk növbədə, pandemiyadan əziyyət çəkən sahələrdə çalışan 700 minə yaxın insanı və mikrosahibkarları əhatə edir. Dövlət iki ay ərzində onların əməkhaqqının xeyli hissəsini ödəyəcək, çünki onlar praktiki olaraq işləmirlər. Bunlar 600 min aztəminatlı ailə və işsiz, hətta qeyri-formal sektorda məşğul olanlar, yəni əmək müqaviləsi olmayanlardır. Onlara 2 ay ərzində müəyyən məbləğ ödənilir ki, hətta əmək müqaviləsi olmayanlar da əməkhaqqı alsınlar. İndi bu adamlar qazancdan məhrum olublar.
Biz ünvanlı sosial yardım alan ailələrin sayını artıraraq 80 minə çatdırmışıq, belə ailələrin hər biri orta hesabla 222 manat, yəni 130 dollar alır. Bundan əlavə, əməkhaqqı minimal səviyyədə, yəni 250 manat və ya təxminən 150 dollar səviyyəsində olmaqla, 90 min ödənişli ictimai iş yeri və 12 min özünüməşğulluq yeri yaradılır. Bu yerlər dövlət tərəfindən maliyyə və texniki kömək nəzərə alınmaqla cari ildə fəaliyyətə başlayacaq. Bu, həmin paketin yalnız bir hissəsidir. Vergi güzəştləri, vergi tətilləri də var. Yəni biz bu məsələyə çox geniş yanaşmışıq və ilk növbədə, insanları, onların sağlamlığını, həyatını qorumağa və ikinci növbədə iqtisadiyyatın inkişafını təmin etməyə çalışırıq”.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Rusiya münasibətlərini də dəyərləndirərək, ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini bildirib:

“Siz qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Sonuncu görüşümüz keçən ilin axırında Peterburqda olub, bundan əvvəl Soçidə. Mən “Valday” Diskussiya Klubuna dəvət edilmişdim. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı əlaqələrimizin inkişafına çox müsbət təkan verir və tabeliyimizdə olanlara verdiyimiz göstərişlər, təlimatlar həyata keçirilir.

Qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, pandemiya olmasaydı, biz əmtəə dövriyyəsini daha da artırardıq. Lakin əminəm ki, iqtisadi əlaqələrimiz lazımi səviyyədə olacaq. Bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Biz yüksəkvoltlu elektrikötürmə xətləri ilə bağlıyıq.

Neft-qaz sahəsində də vəziyyət yaxşıdır. Bəlkə də çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir. Yəni, burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir”.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv