Müstəqillik dövrünün REKORDU – Boş qalan plan yerlərinə qəbul necə keçiriləcək?

“ADNSU-nun Rİ əsaslı elə ixtisası var idi ki, onun ingilis dili tədrisinin keçid balı 200 baldan bir qədər yuxarı idi, amma bu il həmin ixtisas birdən 540 bala qədər artdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında cari ilin ali təhsil müəssisələrində ixtisas seçimi nəticələrinin statistikası və boş qalan plan yerlərinin taleyi haqda danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu test imtahan tariximizdə kəmiyyət etibarı ilə rekord göstəricidir:

“Ötən gün 2024-2025-ci il tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlandı. Yüz minlərlə şəxs bu nəticələri səbirsizliklə gözləyirdi. Çünki həqiqətən də bu il rekord sayda abituriyent tələbə olmaq üçün müraciət etmişdi. İxtisas seçimində də test imtahan tariximizdə rekord sayda şəxs iştirak etmişdi. Elə qəbul olunanlar arasında da bu rəqəmlər az söz demir. Təsəvvür edin ki, 55 656 abituriyent elə birinci turda da tələbə adı qazandı. Bu test imtahan tariximizdə kəmiyyət etibarı ilə rekord göstəricidir. 27 227 çox təəssüf olsun ki, birinci mərhələdən kəsildi. Təsəvvür edin, həm qəbul olunanların, həm də kəsilənlərin sayı rekord həddə çatıb. 80 mindən çox olan ümumi rəqəm bizim mütəqillik dövr imtahan tariximizin ən yüksək kəmiyyət göstəricisidir. Bununla belə buraxılış imtahanlarında yumşalmanın, maksimal sayda bal toplayanların və 2 alanların say nisbətinin ötən ilə nisbətdə az olması ixtisas seçimini rəqabətliyini daha da artırmışdı”.

E.Nuri qeyd edib ki, bu proseslərlə məşğul olan şəxslər, mütəxəssislər builki mənzərənin tamam fərqli olacağını deyirdilər:

“Mətbuata açıqlama verəndə əsasən builki göstəricilərin tamamilə fərqli olacağını da vurğulayırdıq. Xüsusən də, 1-ci ixtisas qrupunun Rİ alt və 3-cü qrupun TC alt qrupunda ciddi rəqabətin olacağı gözlənilirdi. Rİ qrupu ilə bağlı gözlənti demək olar ki, gözlədiyimdən də artıq oldu. Təsəvvür edin, ADNSU-nun Rİ əsaslı elə ixtisası var idi ki, onun ingilis dili tədrisinin keçid balı 200 baldan bir qədər yuxarı idi, amma bu il həmin ixtisas birdən 540 bala qədər artdı. Doğrudur, dili Azərbaycan dili olan ixtisaslarda bu vaxta qədər 100 bala qədər keçid balı qalxmayıb. Tədrisi ingilis dili olan ixtisasların plan yerlərinin həddən aşağı olduğunu da bilirik. 20-30 yeri biz rəqabət mühitinə buraxırıq. Bu zaman keçid balı arasında belə bir problem yaranmış olur”.

Mütəxəssis əlavə edib ki, bu il yenə hər ixtisas qrupuna görə plan yerləri arasında boşluqlar yarandı, əsasən bölgələrdəki bir qisim ixtisaslar var ki, onların keçid balı nə qədər azalırsa azalsın həmin ixtisas seçilmir ki seçilmir:

“Bu səbəbdən də hər 4 ixtisas qrupu üzrə 2994 boş plan yeri qaldı. 5-ci ixtisas qrupunda bircə boş plan yeri qalmadı. Birinci yeri yenə də 1-ci ixtisas qrupu tutur. 450 plan yeri 4-cu qrupda qaldı. Adətən, boş qalmış plan yerləri əsasən ödənişli o qədər də diqqət çəkməyən ixtisaslar, özəl və bölgələrdə yerləşən ixtisaslardır. Təəssüf edirəm ki, təzə yaranmasına baxmayaraq, İlahiyyat institutunun İslamşünaslıq və Dinşünaslıq ixtisaslarında da boş qalan plan yerlərinə rast gələ bilirik. Düzdür, ikinci turda plan yerləri dolacaq. Təcrübədə görünməyib ki, ikinci turdan sonra da universitetlərdə ciddi bir boşluq əmələ gəlsin. Burada portal qeydiyyatına gecikən, qeydiyyatdan imtina edən şəxslər düşdüyü yerdən imtina edir və onlar artıq tələbə adını qazana bilmirlər. Bu sayları ixtisas qruplarına böldükdə çox cüzi olur”.

İsmayıl Bakuvi

COP29