Müstəqillik günün mübarək, qardaş Qazaxıstan!

Bu gün Qazaxıstan Respublikasının hər il dekabrın 16-da qeyd olunan bayramı – dövlət Müstəqilliyi günüdür. Bu əlamətdar tarix münasibətilə qazax qardaş-bacılarımızı təbrik edirəm.

Bu gün qazax xalqının dünyaya öz Müstəqilliyini elan etməsindən 26 il ötür. Hazırda qazax xalqı dövlət müstəqilliyinin bəhrəsini görməkdədir. Qazaxıstan müstəqillik dönəmində geosiyasi arenada öz mövqeyini gücləndirərək, dünyanın ən sürətlə inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bundan başqa, Qazaxıstan Avrasiya məkanının əsas dövlətlərindən biri olaraq, ümumdünya siyasi-iqtisadi proseslərində fəal iştirak edir.

Bu nailiyyətlərin əldə olunmasında misilsiz xidmətləri olan qazax xalqının Ümummilli lideri Nursultan Nazarbayev öz ölkəsini inamla irəli aparmaqdadır. Ölkə vətəndaşlarının mütləq əksəriyyətinin dəstəyi və vətənpərvərlik hissləri Qazaxıstan liderinə – Türk dünyasının ağsaqqalına dövlətçiliyin möhkəmləndirilməsi və milli iqtisadiyyatın gücləndirilməsinə yönəlik layihələri uğurla gerçəkləşdirməyə imkan verir.

Müstəqillik illərində həyata keçirilən hərtərəfli islahatlar sayəsində Qazaxıstan iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Qlobal iqtisadi böhrana baxmayaraq, Qazaxıstan hakimiyyətinin düzgün strategiyası nəticəsində respublika əhalisinin rifahı xeyli yaxşılaşıb, ölkə iqtisadiyyatı qlobal neqativ tendensiyaların mənfi təsirlərindən yayına bilib.

Qazaxıstanın geosiyasi və geoiqtisadi arenada qazandığı uğurlar bütün Türk dünyasının fəxridir. Qazaxıstanın inkişafı – bütün Orta Asiyanın yüksəlişidir. Geniş əraziyə, strateji coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara, neft-qaza malik olan Qazaxıstanın bölgənin lokomotiv dövlət qismində inkişafı həm də region ölkələrinin tərəqqisi üçün əlavə stimul yaradır.

Bu gün Qazaxıstanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların binalarının önündə dalğalanır. Qazaxıstan çox nüfuzlu beynəlxalq sammit və konfranslara sədrlik edir. Bütün bu nailiyyətlərin əldə olunmasında Qazaxıstan lideri və onun komandasının ölkədə yaratdığı siyasi sabitlik böyük rol oynayır.

Öz adımdan, Azərbaycan xalqı adından qardaş Qazaxıstana daha böyük nailiyyətlər, uğurlar və davamlı inkişaf arzulayıram!

Müstəqillik gününüz mübarək, qardaşlar və bacılar!

Aqil Ələsgər
“Yeni Çağ” Media Qrupunun Baş direktoru