!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müstəqilliyimizin əleyhinə çıxanlar hələ sağdırlar, görünür, qafalarında heç bir dəyişiklik yoxdur” - İstiqlalçı deputat

!Reklam – Yazi

“Azərbaycana bir də müstəqiliyini itirmək qismət olmasın”.

Bu fikirləri 1991-ci il oktyabrın 18-də qəbul olunan Müstəqillik Aktının 30-cu ildönümünün təntənəli şəkildə keçirilməsinə dair zərurui addımların atılmamasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin fikrincə, müstəqilliyin bərpası günü bir bayram olaraq çox təntənəli şəkildə qeyd edilməli, o tarix qeyri-iş günü olmalıdır:

“Mən hələ parlamentdə olanda bu məsələni dəfələrlə qaldırmışam və özüm də istiqlalçı deputat olduğum üçün bir az təvazökarlıq etmək məcburiyyətində qalmışam. Amma başqa ölkələrdə istiqlalçı deputatlara münasibət tamamilə fərqlidir.

Moldovada, Baltikyanı ölkələrdə həmin deputatlara Milli Qəhrəman adı verilir, onlar səsvermə hüququ olmadan parlamentin işinə qatıla bilirlər, şəhərin mərkəzində mənzillərlə təmin olunurlar, prezident təqaüdü ayrılıb və bir sıra imtiyazlar tanınıb.

Mən o vaxt da qeyd edirdim ki, istiqlalçı deputatların bir qismi dünyasını dəyişib, qalanların içindən xəstəliyi olanlara diqqət yetirmək, “İstiqlal” ordeni vermək lazımdır. Elə şəxslərə “İstiqlal” ordeni verilib ki, onların həmin proseslərdən heç xəbəri yoxdur.

Müstəqilliyin bərpası günü bir bayram olaraq çox təntənəli şəkildə qeyd edilməli, o tarix qeyri-iş günü olmalıdır. Millət vəkili olarkən bütün bunları təkrar-təkrar təklif etmişəm.

Doğrudur, indi 18 oktyabr Müstəqillik Gününün adı Müstəqilliyin Bərpası Günü adlandırılır, bununla bağlı müzakirə aparılır. Prinsipcə, buna etirazım yoxdur. Çünki biz İstiqlal Bəyannaməsini qəbul edəndə, özümüzü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişik.

Bu il 18 oktyabr tarixi həm də müstəqilliyin bərpasının 30-cu ildönümü – yubiley ili olduğu üçün təntənəli şəkildə qeyd olunmalıdır. Qarşıda hələ bir neçə gün var, amma, əlbəttə, daha əvvəldən buna hazırlıq keçilməliydi.

Hesab edirəm ki, bu tarix millətin özünün ərsəyə gətirdiyi böyük bir gündür. Belə hadisələr yüz-iki yüz ildə bir olur. Çox arzulayıram ki, Azərbaycana bir də müstəqiliyini itirmək qismət olmasın.

O baxımdan, mən də məsələyə belə yanaşmanın əleyhinəyəm. Elə insanlar var ki, o prosesdə iştirak etməyiblər. Həmin dövrdə də 300-dən çox kommunist deputat müstəqilliyin əleyhinə idiliər. Biz, 43 istiqlalçı deputat müstəqillik uğrunda savaşanda onlar SSRİ-nin saxlanmasına dair referenduma səs verdilər. Naxçıvan istisna olmaqla qalan yerlərdə o saxta referendum keçirildi.

Həmin şəxslər də hələ sağdırlar, görünür, qafalarında heç bir dəyişiklik yoxdur, köləlik onların başlarının üzrəində bir kabus kimi dolanır və istiqlalımızı həzm edə bilmirlər, yaxud da qısqanclıqdan qiymətləndirməyi məqbul saymırlar”.

A.Zeynalov

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv