!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mütəllibovu anladıq, bəs Hacı Əbdülə nə düşüb?” – Sabir Rüstəmxanlıdan Tamerlan Qarayevə dəstək

!Reklam – Yazi

“Hacı Əbdül elə Ayaz Mütəllibovun vaxtında müəyyən tapşırıqları yerinə yetirmək üçün ortaya atılmış adamlardan biri idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün 1991-ci il noyabrın 20-də Qarakənd səmasında içində Azərbaycanın yüksək dövlət rəsmilərinin olduğu vertolyotun keçmiş Ali Sovetin sədr müavini Tamerlan Qarayevin əmri ilə vurulmasına dair iddiasına münasibət bildirən xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlının fikrincə, indiki vaxtda bu cür iddiaların ortaya atılması Azərbaycanın Qarabağ uğrunda mübarizəsini gözdən salmaq məqsədi daşıyır:

“Əvvəla, soruşmaq lazımdır ki, Hacı Əbdül haranın siyasətçisidir? İndiyə kimi harada yatmışdı, indi niyə birdən-birə ortaya çıxıb? Görünür, bunun bir səbəbi var.

Digər tərəfdən, Tamerlan Qarayevi hərəkatdan, meydandan hamımız tanıyırıq. Həmin hadisələrdə Tamerlan Qarayevin adının hallandırılması heç cür ağlabatan iş deyil. Həmin hadisənin üstündən az qala otuz il vaxt keçib… O vaxt Dövlət komissiyası tərəfindən bu məsələ araşdırılıb, hər şey məlumdur.

İndi birdən-birə Hacı Əbdül kimi bu işlərlə əlaqəsi olmayan adamın sözü niyə bu qədər hallanmalıdır, niyə ciddi əhəmiyyət verilməlidir?

Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? Həm də ki Tamerlan o vertolyotda həlak olanların çoxu ilə yaxın dost idi.

Bilirsiz, bunlar hamısı birbaşa erməni siyasətinə xidmət edən və Azərbaycan xalqının Qarabağ uğrunda apardığı mübarizəsini – düzdür, indi o mübarizə sadəcə, diplomatiya meydanında aparılır – gözdən salmaq cəhdidir. İndi belə məsələləri ortaya atmaq xəyanətkarlıqdır. Bunun milli xəyanətkarlıqdan başqa adı yoxdur”.

Sabir Rüstəmxanlı daha sonra eks-prezident Ayaz Mütəllibovun qeyd olunan iddiaya dair anlaşılmazlıq yaradan fikirlərinə də münasibət bildirib:

“Ayaz Mütəllibov o vaxt dövlət başçısı idi və Xocalı məsələsində birbaşa günahkardır. Bu səbəbdən də, onun öz günahlarını başqalarının üstünə atmasını başa düşmək olar.

Ancaq Hacı Əbdülü başa düşmək çətindir. Ümumiyyətlə, Hacı Əbdül elə Ayaz Mütəllibovun vaxtında müəyyən tapşırıqları yerinə yetirmək üçün ortaya atılmış adamlardan biri idi. Deyəsən, indi də həmin missiyasını davam etdirmək istəyir. Ancaq indi şərait tamam fərqlidir, əsassız söhbətlərlə camaatı iyrəndirmək olmaz”.

Qeyd edək ki, Hacı Əbdül jurnalist Əvəz Zeynallının “Qaynar qazan” layihəsində çıxışı zamanı hələ də müzakirə olunan fikirlər səsləndirib. Onun sözlərinə görə, 1992-ci ildə onunla birlikdə həbsdə olan Qatır Məmməd ləqəbli səhra komandiri Yaqub Rzayev deyib ki, 1990-cı il noyabrın 20-də Azərbaycanın yüksək vəzifəli şəxslərini aparan vertolyotu tabeliyindəki hərbçilər vurub. Hacı Əbdül iddia edib ki, Yaqub Rzayev onunla söhbətində vertolyotu vurmaq əmrini Tamerlan Qarayevdən aldığını bildirib.

Media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu iddia ətrafında müzakirələr səngimir. Bu barədə fikir bildirənlərin əksəriyyəti Hacı Əbdülün məlum iddiasını Xocalı Soyqırımının guya azərbaycanlıların özləri tərəfindən törədildiyinə dair iftiraların davamı kimi qiymətləndirib.

A.Zeynalov

www.yenicag.az

3180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv