Müxalif gənclərin sponsoru Odur? – Müəmmalı mühacirətin pərdəarxası

11martMüxalifət 2003, 2005 və ya 2011-ci ildə iqtidara gələ bilsəydi, hakimiyyətin hesabına oliqarx olanların bir çoxu Əli Kərimli və ya İsa Qəmbərin sağında yer alırdılar. Hətta illərlə müxalif liderlər üçün həyatlarını məhv edənlərin də önünə keçəcəkdilər. Buna 2005-ci ildə daha çox şahid olduq. Bir sıra iş adamları və dövlət  məmurları eks-spiker Rəsul Quliyevin gəlişinə necə özlərini inandırmışdılarsa, dövlət idarələrindəki kabinetlərindən müxalifətlə danışmaqdan çəkinmirdilər. Eləcə də, 11 mart  2011-ci il aksiyası baş tutmasa da, müxalif gəncliyin arxasında ciddi kapitalın olduğunu ortaya qoydu. Doğrudur, o zaman bu xaricdən gələn maliyyə ilə əlaqələndirildi və örtbasdır edildi.  Əgər araşdırılsaydı, müxalif gənclərə heç də bütün dəstəyinxaricdən gəlmədiyi anlaşılardı. Ancaq məsələnin araşdırılmaması üçün müxalif gənclərlə oliqarx deputat arasında vasitəçilik edən “tərcüməçi yazar” mühacirətə “göndərildi”.

Dövlətin böyük tərcümə proyektlərində iştirak edən, xaricdə yaşadığından on dəfə çox pul qazanan, yüksək dairələrdə layiq olmadığı qədər hörməti olan birisi nə üçün tələm-tələsik mühacirətə qaçsın ki? Bunu özü üçün etdi, yoxsa oliqarx deputat Çingiz Əsədullayev üçünmü?

Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir. Ancaq Çingiz Əsədullayevlə bağlı başqa bir məlumat da deputatın iqtidara tam sədaqətli olduğuna dair şübhələri artırır.

Belə ki, dünyanın müxtəlif ölkələrində çalışan ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yaydığı sənədlərdən birində Əsədullayevin adı YAP-a qarşı məxfi fraksiyada çəkilir. ABŞ-ın Azərbaycandakı səfirliyinin Hilland soyadlı əməkdaşının 2006-cı il avqustun 11-də göndərdiyi məxfi teleqramda 2005-ci il parlament seçkilərindən sonra Milli Məclisdə yer qazanmış partiyaların fəaliyyətindən bəhs olunur.

Hilland məxfi məktubunda müstəqil və müxalifətçi deputatların parlament fraksiyası yaratmaq cəhdləriylə bağlı gördüyü işlərdən yazıb. Parlamentin müstəqil və müxalifət üzvlərinin fəaliyyətindən bəhs edən məxfi teleqramda maraqlı məlumatlar əksini tapır. Diplomat yazır ki, müstəqil millət vəkili Asim Mollazadə parlamentdə fraksiya yaradılması üçün tələb olunan deputat sayının 25 nəfərdən 15-ə endirilməsinin daha məqsədəuyğun olduğunu bildirib. Səfirlik əməkdaşı qeyd edir ki, parlamentdə üstünlük hakim Yeni Azərbaycan Partiyasında olduğu üçün müxalifət və müstəqil deputatlar alternativ fikirlərin qəbuluna nail ola bilmirlər.

“Səfirlik təmsilçiləri ilə görüşən Asim Mollazadə mövcud qanunvericiliyin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. Mollazadənin təklif etdiyi müstəqil fraksiyanın üzvləri əsasən iş adamları və elm xadimləridir. Millət vəkili fraksiyaya daxil olacaq deputatların siyahısını səfirlik əməkdaşına təqdim edib. Siyahıda Azər Kərimov, Çingiz Əsədullayev, Ülvi Quliyev, Asim Mollazadə, Rüfət Quliyev, Rövşən Rzayev və başqaları yer alıb. Mollazadə səfirlik əməkdaşlarından xahiş edib ki, bu siyahı sentyabra qədər gizli saxlanılmalıdır”, – deyə Hilland məktubunda yazıb.

Qısacası, Asim Mollazadə ABŞ səfirliyinə “əməkdaşlıq ediləcək” deputatların siyahısını verib. Çingiz Əsədullayevin sonrakı fəaliyyəti ilə bu məxfi fraksiya söhbətini qarşılaşdırdıqda, ortaya çıxan mənzərə Mollazadəni haqlı çıxarmaqdadır.

Mövzuya qayıdacağıq.

azerinfo.org