2019-cu ilin dövlət büdcəsi layihəsinin açıqlanmasına baxmayaraq, müxalifət daxilində bu məsələyə yönəlik maraq hiss olunmur.
Həftənin ilk günlərindən etibarən, Milli Məclisin komitələrində 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb. Noyabrın 14-15-də isə parlamentin plenar iclasında büdcə layihəsinin geniş müzakirəsi keçiriləcək. Millət vəkillərinin komitə iclaslarında aparılan müzakirələrdə ifadə etdikləri mövqeyə əsaslanaraq deyə bilərik ki, layihənin qəbul olunmasında problem yaranmayacaq.
Bununla belə, hakimiyyət düşərgəsində bütün diqqət büdcə layihəsinə yönəldiyi halda, müxalifət daxilində bu sənədlə bağlı minimum fəallıq da müşahidə edilmir. Əks düşərgə mənsublarının büdcə layihəsinə əhəmiyyət verməmələri təbii ki, onların “hakimiyyətin alternativləri” iddiasına qətiyyən uyğun gəlmir. O halda maraqlıdır, müxalifət ölkənin maliyyə siyasətini tənzimləyən büdcə layihəsinə niyə etinasız yanaşır?
Keçmiş baş nazir, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn mövzu barəsində Yenicag.az-a açıqlamasında bildirib ki, tək müxalifətin deyil, ümumilikdə cəmiyyətin büdcə müzakirələrinə maraq göstərməməsi ölkənin əsas maliyyə sənədinin formal xarakter daşıması ilə bağlıdır:
“Hazırda Azərbaycanın maliyyə-iqtisadi siyasəti, onun qanunvericilik bazası, o cümlədən də dövlət büdcəsi haqqında qanun və ona əməl edilməsi elə bir vəziyyətə salınıb ki, ölkənin maliyyə-iqtisadi siyasəti büdcə ilə tənzimlənmir. Büdcənin özü də ümumi çərçivə xarakterli maddələrdən ibarətdir. Çünki bir sıra dəyişikliklərdən sonra parlamentin büdcənin icrasına nəzarət etməsi yox dərəcəsinə endirilib.
Ona görə də, təxminən 2010-cu ildən sonra büdcə layihəsinin müzakirələrinə maraq itib. İctimai marağın az olması, həmçinin siyasi müxalifətin bu mövzuya qarışmaması büdcə məsələsinin əhəmiyyətinin azalması ilə bağlıdır. Bir daha deyirəm, dövlət büdcəsinin ölkədə gedən iqtisadi proseslərə ciddi təsiri yoxdur. Çünki büdcənin formalaşdırılması və xərclənməsi artıq formal xarakter daşıyır.
Mən o fikirlə də razı deyiləm ki, müxalifət daxilində büdcə layihəsi müzakirə olunmur. Hər halda, müxalifət düşərgəsindəki bir sıra iqtisadçıların, ekspertlərin proffesional yanaşmalardan irəli gələn yazıları dərc edilir. Şəxsən mən indi xaricdə olan Qubad İbadoğlunun büdcə layihəsi haqqında bir neçə statusuna rast gəlmişəm.
Yenə o fikrimə qayıdıram ki, büdcənin qəbulu və icrası yetərincə formal xarakter alıb. Büdcənin icrası, vəsait qalıqlarının xərclənməsi və digər məsələlərdə icra hakimiyyəti orqanlarına geniş səlahiyyətlərin verilməsi qeyd etdiyim formallığı daha da artırır.
Sözün düzü, mən hələ builki büdcə layihəsi ilə tanış deyiləm. Büdcəyə o zaman maraq olur ki, parlamentdə ciddi müzakirələr aparılır və nəticələrə görə məsuliyyət yaranır. Büdcəyə əməl olunmamasının məsuliyyəti əvvəllər olduğu kimi, dəqiq göstərilməlidir. İndiki halda isə biz bunu müşahidə etmirik”.
Bu barədə Yenicag.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev müxalifətin büdcə layihəsinə laqeydliyinin bir səbəbini hakimiyyətin əks siyasi düşərgədən verilən təklifləri nəzərə almamasında görürsə, müxalifətin ümumilikdə passivləşməsinin də rol oynadığını düşünür:
“Müxalifət daxilində büdcə layihəsinin müzakirəsi keçirilməsə də, bu məsələyə münasibət bildirən partiyalar var. Məsələn, mən dünən “Osmanqızı” kanalına müsahibəmdə büdcə layihəsinin bir neçə əsas maddəsi haqqında fikrimi bildirmişəm. Eyni zamanda, bəzi müxalifət təmsilçilərinin sosial şəbəkələrdə büdcə layihəsinə dair şərhləri yayımlanıb.
Fikrimcə, büdcə layihəsinin müxalifət partiyaları tərəfindən konseptual şəkildə müzakirə olunmamasının əsas səbəbi hakimiyyətin davranışı, alternativ mövqeləri nəzərə almaması ilə əlaqədardır. Digər tərəfdən, müxalifətin də müəyyən mənada passivləşdiyini, tənbəlləşdiyini vurğulaya bilərik.
Ancaq bütün hallarda müxalifət ölkənin əsas maliyyə sənədinə etinasız qalmamalı, buna öz münasibətini bildirməli, geniş müzakirələr aparılmalıdır. Mənə belə gəlir ki, müxalifət partiyaları arasındakı münasibətlər sistemi bu müzakirələrin keçirilməsinə imkan vermir.
Özümə gəldikdə, büdcə layihəsinin əsas müddəaları ilə tanışam. Yenə də diqqət çəkən əsas məqamlardan biri təhsil və səhiyyəyə ayrılan vəsaitin azlığıdır. Sizə bir nümunə deyim: ölkənin əsas maliyyə gətiricisi olan SOCAR-a dövlət büdcəsindən və Neft Fondundan ayrılan yardım səhiyyə və təhsilə ayrılan vəsaitdən daha çoxdur.
Yəni, bu qədər absurd bir layihə haqqında danışırıq. Yenə 5 milyard manata qədər vəsait infrastruktur layihələri üçün nəzərdə tutulub. Ümumiyyətlə isə büdcənin əhəmiyyətli hissəsinin, təqribən beşdə ikisinin – müdafiə, dövlət orqanlarının və güc strukturlarının saxlanması xərclərinə dair müddəalar gizli saxlanılır.
Ən maraqlısı isə budur ki, büdcə gəlirlərinin 11 milyard manatdan çoxunun – bu, 50 faiz deməkdir – yenə də Neft Fondundan transferlər hesabına təmin olunması nəzərdə tutulur. Bir anlığa düşünün, neft gəlirləri kənara qoyulsa, Azərbaycanın büdcəsi qonşu ölkələrin büdcələri ilə müqayisədə necə görünər?”
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə isə Yenicag.az-a açıqlamasında müxalifət liderlərinin büdcə ilə bağlı bu fikirlərinin təəccüb doğurduğunu bildirib:
“Açığı, müxalifət partiyaları rəhbərlərinin dövlət büdcəsi haqqında söylədikləri o fikirlər məni təəccübləndirir. Bu, büdcə barəsində o cür danışanların dövlətçilik təfəkkürü haqqında təsəvvür yaradır. Çünki büdcə dövlətin bir illik həyatını müəyyənləşdirən mühüm dövlət sənədidir.
Əslində isə müxalifət nümayəndələri bilməlidirlər ki, büdcə layihəsinin hazırlanması çox gərgin və əziyyətli işin nəticəsidir. Təsəvvür edin ki, artıq mart ayından etibarən, növbəti ilin büdcə layihəsi üzərində işlərə başlanılır.
Əslində, müxalifət qüvvələri məhz bu cür qeyri-ciddi mövqeləri ucbatından cəmiyyətdə etimad qazana bilmirlər, xalq onlara səs vermir, parlamentə seçmir və sair. Ancaq onlar nəzərə almalıdırlar ki, cəmiyyətin bir hissəsi olaraq, dövlət büdcəsi kimi ciddi məsələyə konstruktiv yanaşma tələb edilir”.
A.Zeynalov