“Müxalifət daxilində payıza qədər hər hansı ciddi proses gözlənilmir” – Qubad İbadoğlu

Tanınmış iqtisadçı hakimiyyət əleyhdarları arasında yaxın müddətdə inteqrasiya prosesinin başlayacağını düşünmür.

Yeniçağ.Az xəbər verir ki, ölkənin siyasi həyatında varlığını göstərə bilməyən müxalifət düşərgəsində təmərküzləşmə zərurəti çoxdan aktuallaşsa da, bu istiqamətdə praktik addımlar atılmır.

2015-ci ildə parlament, 2016-ci ildə isə Konstitusiya referendumundan sonra öz təsir imkanlarını minimuma qədər itirən müxalifət partiyaları mövcudluqlarını və iddialarını taleyin hökmünə buraxıblar. Media və sosial şəbəkələr vasitəsilə ayaqda olduqlarını göstərməyə çalışan əks-siyasi düşərgə mənsubları praktik siyasətdən kənar vəziyyətdə qalıblar. Yaranmış vəziyyət müxalifətdaxili inteqrasiya zərurətini son dərəcə gücləndirsə də, düşərgə mənsubları bu reallığı qəbul etməyə tələsmirlər.

Müxalifət qüvvələri arasında mümkün inteqrasiya prosesi haqqında Yeniçağ.Az-a danışan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun fikrincə, bu çərçivədə payıza qədər hər hansı real fəaliyyətin olacağı inandırıcı deyil:

“Nəzərə alaq ki, bu istiqamətdə addımlar adətən, seçkilər ərəfəsində atılır. Yəni siyasi bloklar əsasən, prezident və ya parlament seçkiləri çərçivəsində yaradılır. Hazırda seçkilərarası dövr olması, növbəti seçkilərin bir il sonraya planlaşdırılması, ümumiyyətlə, seçki əhval-ruhiyyəsinin yoxluğu müxalifət daxilində əməkdaşlığa da tormozlayıcı təsir göstərir.

Bununla belə, mən müxalifət barəsində tam şəkildə danışmağa, orada nə baş verdiyini qiymətləndirməyə çətinlik çəkirəm. Çünki müxalifət daxilində müxtəlif qruplar var və ola bilər, onların arasında konsolidasiya ilə bağlı müəyyən müzakirələr aparılır. Ancaq yəqin ki, payızda müxalifət düşərgəsində yeni əməkdaşlıq formatların yaradılacağını görə biləcəyik.

Bizim təşkilata gəldikdə, siyasi partiya deyil, vətəndaş hərəkatı olduğumuz üçün bu müzakirələrdə iştirak etmirik. Eyni zamanda, hərəkatın siyasi partiyaya çevrilməsi də gündəliyimizdə yoxdur”.

A.Zeynalov
Yeniçağ.Az