Almaniyanın Mühafizəkar Xristian Demokrat İttifaqından (XDİ) olan deputat Roderix Kizevetter Almaniya kansleri Olaf Şoltsu Ukraynaya səfəri ilə əlaqədar tənqid edib.
Yenicag.az xəbər verir ki, o, bu barədə “Augsburger Allgemeine” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Şolts öz seçki kampaniyasını Ukrayna xalqının hesabına aparır və eyni zamanda. Rusiyanın qorxu ssenarilərinə xidmət edir.
“Bu, yalnız nalayiq deyil, həm də Almaniyanı daha çox təcrid edir və təhlükəsizliyimizi risk altına qoyur”, – deyə o bildirib.
Müxlaifətçi hesab edir ki, Şoltsun Ukraynaya son dəqiqə səfəri Almaniyada artan tənqidlərə qarşı çıxmaq və məsuliyyətsiz seçki kampaniyasını dəstəkləmək məqsədi güdür. XDİ üzvü əlavə edib ki, Ukrayna dərhal NATO-ya dəvət, uzaqmənzilli silahlar və Rusiya ərazisindəki hərbi obyektləri hədəf almaq üçün icazə tələb edir.
“Şolts bu tələblərin hər üçünü qəti şəkildə rədd edir və bunu dəfələrlə müdafiə nazirinə də bildirib. Ona görə də bu səfər, əsasən, yalan və seçki kampaniyasından başqa bir şey deyil”, – deyə Kizevetter vurğulayıb.
Deputat həmçinin qeyd edib ki, Şolts seçki kampaniyası zamanı yalnız müharibəni Almaniyadan uzaq tutacağı təəssüratını yaratmağa çalışır və bununla da Qərb alyansı daxilində zərər vurur.
“O, nüvə qorxusundan istifadə edərək NATO-nun müdafiəsini şübhə altına almaqla Avropanın təhlükəsizliyini zəiflədir. Bu, Avropada ÜDM baxımından Almaniyadan daha çox töhfə verən tərəfdaşlarımız üçün həm təkəbbür, həm də təhqirdir”, – deyə o, əlavə edib.
Qeyd edək ki, dekabrın 2-də səhər saatlarında Olaf Şolts Kiyevə səfər edib. Bu, onun Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya ikinci səfəridir. Ukrayna paytaxtına gəldikdən sonra kansler 650 milyon avro dəyərində əlavə müdafiə ləvazimatlarının dekabr ayında təhvil veriləcəyini elan edib.
Rafi Müslümov