!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxalifət liderlərinin aqibətini “aşağı”ların əhval-ruhiyyəsi müəyyən edəcək” – RƏY

!Reklam – Yazi

“İlkin açıqlamalardan belə anlaşılır ki, nə Kılıçdaroğlu, nə də müttəfiq partiyaların liderləri istefa vermək niyyətində deyil”.

Bu fikirləri Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində məğlub olan birləşmiş müxalifətin postseçki dövrü üçün perspektivini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, seçkilərdə aldığı ağır məğlubiyyətdən sonra müxalifət qüvvələrinin toparlanması heç də asan olmayacaq:

“Həqiqətən də, bu seçkilər Türkiyənin yeni tarixində ən dramatik seçki kimi xarakterizə oluna bilər. O baxımdan, bir çox xarici mərkəzlərin Türkiyə seçkilərini 2023-cü ildə dünyada ən mühüm siyasi hadisə kimi qiymətləndirmələrinin doğru olduğunu gördük.

14 may seçkilərinin kampaniyası çox dinamik və miqyaslı oldu. İstər hakimiyyətyönlü ittifaq, istərsədə müxalif ittifaq bu kampaniyada öz resurslarını demək olar ki, tamamilə “döyüş”ə cəlb etdilər, özləri də, elektoratları da fiziki-psixoloji cəhətdən çox yoruldular.

Buna baxmayaraq, prezident seçkilərinin ikinci turunun iki həftə davam etmiş təbliğat kampaniyası dönəmində də mübarizənin dinamikası azalmadı. Obrazlı desək, rəqiblər “va-bank”a getdilər. Nəticədə müxalifətin gözləntilərinin və ümidlərinin əksinə olaraq, Ərdoğan qalib gəldi.

Bu nəticə müxalifət liderləri və bütövlükdə əks düşərgə üçün şok effekti yaradıb. Kılıçdaroğlunun və müttəfiqlərinin gümrah görünmək cəhdləri ilə müqayisədə müxalif elektorat məyusluğunu, eləcə də narazılığını gizlətmir, məğlubiyyəti ağrılı yaşayır.

İlkin açıqlamalardan belə anlaşılır ki, nə Kılıçdaroğlu, nə də müttəfiq partiyaların liderləri istefa vermək niyyətində deyil. Ancaq məsələ heç də onların iradəsindən asılı deyil. Çünki müxalifət partiyalarında “aşağılar” məğlubiyyətə görə cavab verilməsini tələb edirlər. Qarşıda CHP də daxil olmaqla, müxalifət partiyalarının qurultayı gözlənilir. Müxalifət liderlərinin gələcək aqibətini də təpkiləri azalmayan “aşağı”ların əhval-ruhiyyəsi müəyyən edəcək”.

A.Zeynalov

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv