Müxalifətçidən Paşinyana SƏRT JEST: “Bütün heyvanlar bərabərdir, amma..”

“Çoxları düşünür ki, Nikol Paşinyanın etdiyi hərəkətlər təsadüfi və hazırlıqsızdır, məzmun və dərin mənadan məhrumdur. Amma, əslində, bu, heç də belə deyil. Hər bir addım əvvəlkindən irəli gələn və diqqətlə hesablanmış sxematik kombinasiyaların tərkib hissəsidir. Qısaca desək, Paşinyan heç bir hərəkəti təsadüfi etmir. “Dövlətsizləşmə” və “gerçək Ermənistan” mövzusunu yaymaqdan tutmuş, velosiped sürməyə qədər hər şey bir plana uyğun şəkildə edilir”.

Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə ictimai fəal, müxalif Respublikaçılar Partiyasının üzvü Armen Hovasapyan özünün sosial şəbəkə hesabında paylaşdığı yazıda qeyd edib.

Onun sözlərinə görə, N. Paşinyanın hər bir hərəkəti, əslində, konkret məqsədlərə xidmət edir:

“O, xarici təsirlər altında ona uyğun hərəkət edir və qarşısına qoyulmuş məqsədləri yerinə yetirir. Paşinyanın konkret olaraq nə etdiyini anlamalıyıq. Onun fəaliyyəti sadə bir sualın arxasında gizlənən çoxşaxəli və müxtəlif taktikalardan ibarətdir. Ən başlıcası isə odur ki, həm Paşinyan, həm də onun komandasındakı şəxslər yaxşı başa düşürlər ki, onların hazırda sahib olduqları mövqelər həyatlarının zirvəsidir və bu zirvədən sonra yalnız eniş olacaq.

Məsələn, çoxlu hakim partiya üzvü yaxşı bilir ki, Ermənistanda dövlət quruluşunun bərpası halında onların çoxu ya həbsxanaya düşəcək, ya ölkədən sürgün ediləcək, ya da cəmiyyət tərəfindən təcrid olunacaq. Bu ssenarilər heç də mif deyil, reallıqdır. Onlar anlayırlar ki, hər an Paşinyan onları qurban verə bilər, necə ki, bunu Ovik Ağazaryanla etdi”.

“Hər kəs yaxşı başa düşür ki, Paşinyan lazım gəldikdə həmin şəxsləri asanlıqla nüfuzdan sala bilər. Məsələn, mətbuat vasitəsilə sadə “doğruları” paylaşaraq onları rüsvay edə bilər. Məhz bu səbəbdən hakim partiya üzvləri Paşinyanın dediklərini sual etmədən dəstəkləyir və təkrarlayırlar. Onlar bu yolla mövqelərini möhkəmləndirməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırdığı şəxslər dərhal korrupsioner kimi ittiham edilir. Hakim partiya üzvləri də anlayırlar ki, Paşinyanın əleyhinə gedən hər kəs bu sıraya daxil olacaq”, – o, əlavə edib.

“2018-ci ildə baş verən hadisələr zamanı çoxları düşünürdü ki, Ermənistanın Respublikaçılar Partiyası (ERP) tamamilə məhv oldu. Lakin zaman göstərdi ki, bu, belə deyil. ERP çətin dövrlərdən keçsə də, partiya daxilində bir nüvə, sistemli quruluş qaldı. Bu isə partiyanın sabitliyini və siyasi missiyasını davam etdirməyə imkan verdi. Paşinyanın “demokratiya” şüarına baxmayaraq, onun idarəçilik tərzi klassik diktatura nümunəsidir. O, hadisələri yalnız öz siyasi zövqünə uyğun şəkildə şərh edir. Bu yanaşma Corc Oruelin “Heyvanıstan” əsərindəki “bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar daha bərabərdir” ifadəsini xatırladır.

Rafi Müslümov