“Müxalifətdəkilər bir-birilərini “hökumətin əlaltısı” adlandırırlarsa…” – Vurğun Əyyub

Müxalifət daxilində vəziyyətin acınacaqlı olduğunu deyən Vurğun Əyyub bu gedişatın yaxşı heç nə vəd etmədiyini düşünür.

Ölkədə yaranmış siyasi durumu və müxalifətin ətalətdən çıxış imkanlarını Yenicag.Az-a dəyərləndirən ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub bu şəraitdə idarəolunmaz xaos təhlükəsinin artdığı qənaətindədir:

“Açıq görünür ki, müxalifət hazırda çox ağır və çətin vəziyyətdədir. Bunun ilk səbəbi əlbəttə ki, hakimiyyətin müxalifəti sıradan çıxartmaq üçün bütün məqbul və qeyri-məqbul üsullardan istifadə etməsidir. Eyni zamanda, vaxtilə müxalifətdə olmuş bir çox təşkilatlar, siyasətçilər, o cümlədən mətbuatın əhəmiyyətli hissəsi ələ alınıb.
Müxalifətin bu vəziyyətə düşməsinin ən başlıca səbəblərindən biri də düşərgə daxilində qarşılıqlı münasibətlərin əməkdaşlığa imkan verməyəcək qədər pisləşməsidir. Təbii, müxalifət qurumları, özlərini aparıcı hesab edən partiyalar bir-birilərini “hökumətin əlaltısı” adlandırırsa, hansı əməkdaşlıqdan danışmaq olar?

Müxalifətdaxili gərginlik sözsüz ki, cəmiyyətin ölkədə baş verənlərə münasibətinə də təsir gstərir. Nə qədər ağır olsa da, etiraf edilməlidir ki, cəmiyyət bu gün inanılmaz dərəcədə laqeydləşib, özünün və ölkənin taleyinə biganədir. Cəmiyyət sanki bütövlükdə öz taleyi ilə barışmış bir vəziyyətdədir – bir küncə çəkilib ara-sıra deyinməklə məşğuldur.
Açığı, bu gedişat ümumilikdə ölkə üçün müsbət heç nə vəd etmir. Belə bir şəraitdə cəmiyyətin tənzimlənməsi də çətinləşir və idarəolunmaz xaos təhlükəsi artır. Vəziyyətin dəyişməsi üçün addımlar atılmasa, bu işlərin axırı heç yaxşı olmayacaq”.

A.Zeynalov
Yenicag.Az