“Onsuz da həm Amerika, həm də Avropa bu seçkilərin nəticələrini tanıyacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə müxalifəti daxilində aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə yönəlik nə iştirak, nə də boykot məsələsində ortaq mövqenin olmamasına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Müxalifətin artıq start verilmiş növbədənkənar prezident seçkilərində iştirakı məsələsi əks siyasi düşərgə daxilində səngiməyən ziddiyyətləri yenidən gücləndirməkdədir.
Gözlənildiyi kimi, seçkilərdə iştirakdan imtina edən partiya rəhbərləri prosesə qatılan həmkarlarına yönəlik hücumları artırmaqdadır.
Bu sırada Müsavat başqanı Arif Hacılı daha da irəli gedərək, namizədliyini irəli sürmüş düşərgə yoldaşlarını müxalifətin bu seçkilərlə bağlı qəbul edəcəyi birgə qərarın qəbuluna imkan verməməkdə suçlayıb:
“Növbədənkənar seçkilər elan olunan gün Azərbaycanın müxalifət qüvvələrinə məsləhətlərə başlamaq təklifi verdim, bu barədə yazı da yazdım.
Təəssüf ki, bəzi müxalifət təşkilatları məsləhətləşmələrə başlamadan qərarlar verməklə, birgə qərarların qəbulunun qarşısını aldılar”.
Lakin ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında Arif Hacılının haqlı danışmadığını deyib:
“Ona qalsa, müxalifətdən namizədliyini ilk açıqlayan İsa Qəmbər olmuşdu. İsa bəyin namizədliyi hələ 2014-cü ildə elan olunmuşdu. Məsələyə belə yanaşsaq, demək, müxalifətin birgə qərarına ilk mane olan elə İsa Qəmbər özü idi.
Ümumiyyətlə, bu istiqamətdə mübahisələr yersizdir. Çünki hazırda seçkidə iştirak etmək və boykota getmək arasında ciddi fərq yoxdur. O baxımdan, bütün hallarda ciddi fəaliyyət göstərilməlidir və bunun üçün də güclü resurslar tələb olunur. Müxalifətin indiki durumu isə məlumdur.
Şəxsən mən seçkilərdə iştirakın tərəfdarı idim. Ancaq yetərli maliyyəmiz olmadığına görə seçkiyə getmədik. Mən demirəm ki, seçkiyə getsəydik, mütləq qalib gələcəkdik.
Başa düşmək lazımdır ki, seçkidə iştirak xalqla təmasları gücləndirmək və televiziya çıxışları vasitəsilə fikirlərimizi cəmiyyətə çatdırmaq imkanı yaradır. Bundan istifadə olunmalıdır.
Onu da dərk edək ki, həm Amerika, həm də Avropa seçkilərin nəticələrini tanıyacaq. Müxalifətin seçkilərin nəticələrini şübhə altına alması isə Qərbə Azərbaycan hakimiyyətinə təzyiq üçün əlavə “rıçaqlar” verəcək. Başqa bir nəticə çıxmayacaq”.
A. Zeynalov