“Müxtəlif siyasi qüvvələr arasında aparılan müzakirələr, sadəcə, bu seçki ilə məhdudlaşmayacaq”.
Bu fikirləri Yenicag.az-a müsahibəsində 11 aprel növbədənkənar prezident seçkilərinə qatılmayan müxalifət qüvvələrinin yaxın dövr üçün planlarından danışan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
– Seçkilərə qatılmayan partiyaların qarşıdakı dövr üçün hansı planları var?
– Hesab edirəm ki, yaranan mövcud siyasi vəziyyətdə milli-demokratik müxalifətin götür-qoy etməsinə və özünün həm taktikasını, həm də strategiyasının müəyyənləşdirməsinə ehtiyac var. Bu istiqamətdə müzakirələr başlayıb və davam etdirilir. Əslində, içində olduğumuz və seçki adlandırılan prosesə münasibətimiz artıq açıqlanıb. O fikirdə deyiləm ki, bu seçki və onun nəticələri hansısa əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bu seçki reallıqda indiki situasiyanın davam etdirilməsi və mərkəzləşdirilməsi cəhdidir. Yanaşmamız belədir.
– Dediyiniz müzakirələr hansı məsələləri və spektri əhatə edir, müsbət nəticə üçün zəmin var?
– Bilirsiz, bu məsələlərdə bəzi problemlər var. Ona görə də sözün doğrusu, real nəticə haqqında danışmaq çətindir. Bu müzakirələr müxtəlif siyasi qüvvələr arasında aparılır. Məsələn, dünən Milli Şuranın sədri Cəmil Həsənli birgə kütləvi aksiyaların təşkili ilə bağlı təşəbbüs irəli sürüb və bu təklifə artıq reaksiyalar verilir. Məsələn, Müsavat başqanı Arif Hacılının buna münasibəti açıqlandı.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, müxalifət daxilində müəyyən problemlər var və hansısa yollarla onların tənzimlənməsinə nail olmaq lazımdır. Bu, mənim şəxsi fikrimdir. Deyim ki, aparılan müzakirələr, sadəcə, bu seçki ilə məhdudlaşmayacaq. Yəni daha uzun və ya ortamüddətli bir planlaşdırmaya ehtiyac var.
– Oxşar situasiyalarda Sizin orijinal təşəbbüslərinizin şahidi olurduq. Bu vəziyyət üçün hansı təklifləriniz var?
– Əslində, mənim yanaşmam bundan ibarətdir ki, yeni nəsə icad eləməyə gərək yoxdur. Çünki bu, əksəriyyətə məlum olan və dəfələrlə sınaqdan çıxan, belə situasiyalarda rəhbər tutulmalı olan modellər mövcuddur. İndiki halda o modellərin təfərrüatlarına varmaq istəmirəm, buna geniş şərh vermək fikrində də deyiləm.
Burada bır sıra subyektiv amillərin olduğu qeyd edilməlidir. Hər halda, onların aradan qalxması labüddür. O baxımdan, bu seçkilər dövründə irəli sürülən konkret təkliflər – məsələn, birgə mitinqlərin təşkili – var və məncə, onların nəticələri bundan ibarət ola bilər ki, indiyə qədər yürüdülən xəttin heç də tam şəkildə doğru olmaması qənaətinə gəlinsin. Yenə də buna ümid edirik. Yaranmış şəraitdə müxalifətin fəaliyyətindəki bəzi şablonların dəyişdirilməsinə ehtiyac olduğunu düşünürəm. Müxtəlif istiqamətlərdən də konkret təkliflər irəli sürülür və indiki durumda onlara uğur arzulamaqdan başqa hər hansı əlavə təklifim yoxdur.
– Aparılan müzakirələrdən konkret hansı nəticəni gözləyirsiz?
– Mövcud vəziyyətdə diqqətəlayiq olan əsas məqam proseslərə müəyyən təsir imkanı olan siyasi qüvvələrin birgə kütləvi aksiya keçirtmək ehtimalı böyük mənada reallaşa bilər. Özlüyündə bu da bir nəticədir. Məsələnin nəticəsindən asılı olaraq, daha konkret fikir söyləmək mümkün olacaq.
A. Zeynalov