Müxalifətin gecikmiş “kiçik toyu” və ya həkim “pasiyentlər”inin arasına necə düşdü?

Hakimiyyətdəki təqaüdçülər bir-bir yerlərini gənc kardlara verir, müxalifətdə qocalanlar isə yerlərini möhkəmləndirməyin təlaşındadırlar. Dövlət idarəetmə aparatında gəncləşdirmə prosesinə start veriləndən sonra Azərbaycanın siyasi səhnəsində maraqlı, qəribə və bəzən də gülüş doğuran proseslər getdikcə vüsət alır.

Sanki qəflət yuxusunda olan müxalif düşərgə başlarındakı yaşlı liderləri ilə birlikdə qəflətən fəallaşmağa başladı. Bir-birinin ardınca icazəsiz mitinqlər, səs-küy salaraq yerli və dünya ictimaiyyətinin diqqətini çəkmək cəhdləri, indi isə yeni müxalifət blokunun yaradılması kimi don geyindirilən toplantılar…

Bu toplantılarda müzakirə olunan məsələlərdən çox, oraya yığışanların kimliyi ictimaiyyət üçün daha maraqlıdır. Aradan keçən 15 il ərzində elektoratları parçalanaraq dağılmış, gənclərin yollarını ayırdığı bu “qədim” siyasi təşkilatların rəhbərləri yenə eyni simalardan ibarətdir və oturduqları kətillərdən elə möhkəm yapışıblar ki, sanki özləri ilə o dünyaya aparacaqlar.

Müxalif düşərgə daxilində son 5-10 il ərzində bəzi gənclərin dəyişim cəhdləri isə işyarıtmaz qocaların çox sərt reaksiyası ilə qarşılaşdı. Keçirilən qurultaylar, konfranslar onu göstərdi ki, ərtaflarına yığılan insanlara yalan vədlər verib onları aldadan və ümidlərini puça çıxaran kiflənmiş zümrə müxalifət lideri kətilini əlindən verməmək üçün hətta qan tökməyə belə hazırdır.

Son ümidləri puça çıxan gənclər işi belə görüb düşərgəni tərk etdilər. Onların az bir hissəsi isə illərdir ki, səslərini heç bir nəticə verməyən və icarəyə götürdükləri dar ofislərin rütubətli otaqlarında keçirilən iclaslardan kənara çıxara bilmədilər. Müsavatın son qurultayı və başqan seçkiləri, İsa Qəmbər başda olmaqla təqaüd yaşını keçmiş uğursuzların tutduğu mövqe bunun əyani sübutudur.

Müxaliflərin bir yerə toplaşması haqda belə uzun-uzadı yazmağımız heç də bu hadisənin “çəki”si ilə əlaqdər deyil. Burada əsas məsələ keçmişdə bir-birinə konkret tibbi diaqnoz qoyan, bir-birinin şizofreniya, ruhi xəstəlik, digər fiziki və əqli qüsurlarının olduğunu iddia edənlərin bir araya gəlib, guya “ittifaq” yaradaraq hakimiyyətə qarşı birlikdə mübarizə aparacaqlarından danışmasıdır.

Köhnə “6 saylı palata”nın “xəstə”ləri sanki müxalifətin gecikmiş “kiçik toyu”na yığışıblar. Zamanı keçmişlərin toplaşdığı masanın ətrafına diqqət yetirsək, burada gözümüzə ilk öncə sataşan həmin doktor olur! Həkim, sizin burda nə işiniz var?! Yoxsa bir vaxtlar yuxarıda sadaladığımız xəstəliklərin diaqnozunu qoyduğunuz müxalifət liderlərini müalicə etmək qərarına gəlmisiniz?

Təqdirəlayiqdir, doktor, təqdirəlayiq! Alqışlayırıq! Zatən, bunların ciddi müalicəyə həmişə ehtiyacı olub. Əgər belə addım atmaq istəyirsinizsə, onda böyük savab yiyəsi olarsınız. Amma, verdiyiniz bəyanatlar, həmin “dəyirmi masa”nın ətrafındakı statusunuz bizi məyus edir. Axı biz sizi 15 ildən sonra diaqnoz qoyduğunuz pasiyentlərinizin arasında görəndə elə düşündük ki, siz artıq “müalicə prosesi”nə başlamısınız…

Ancaq belə görünür ki, doktor İnsanov artıq diaqnoz qoyduğu “pasiyent”lərindən birinə çevirilib. Deməli, son 20 il ərzində tərəfdarlarına hər il hakimiyyətə gələcəkləri haqda ümidlər verən, hətta bəzi başıboş, amma imaknlı şəxslərdən yüksək vəzifələrin “beh”ini alan bu peşəkər siyasi fırıldaqçılardan birinə çevirilib artıq Əli İnsanov.

Yığdığı korrupsiya pullarını geri qaytara bilməyəciyini gözəl başa düşən, həbsdə qocalmış keçmiş səhiyyə nazirinin yeri elə o pasiyentlərinin arasıdır. Əbəs yerə deməyiblər, su axar, çuxurunu tapar…

Bəs bu uğursuzları bir yerə yığan qüvvə nədir? Ölkədə gedən köklü dəyişikliklərin, hakimiyyət kadrlarının gəncləşdirilməsi prosesinin bu məsələyə təsirini analiz etdik. Bəs digər amil nədən ibarətdir? Digər amil isə Azərbaycan iqtisadiyyatında nəzərdə tutulan, proqnozlaşdırılan və artıq startı verilmiş müsbət dəyişikliklərdir.

Daxili investisiyalar haqda prezidentin verdiyi fərmanlar, infrastruktur layihələrinin, şəhərlərin, rayonların və kəndlərin abadlaşdırılması, elektrik, qaz təchizatı şəbəkəsinin, nəqliyyat sektorunun inkişafı üçün heç bir xarici kredit təşkilatına üz tutmayan, lazım olmadığı halda xarici bankların “ölü maliyyə” vəsaitlərini diriltmək üçün onlardan borc götürməyən, müstəqil iqtisadi siyasət yürüdən Azərbaycan hakimiyyəti artıq dünyanın iri maliyyə qurumlarının hədəfinə çevrilib.

Bu maliyyə institutlarının pulları ilə yaradılmış və fəaliyyətlərini davam etdirən siyasi qrant təşkilatları isə artıq ölkəmizdə gedən müsbət prosesləri dayandırmaq üçün əmr alıblar. Xaricdən gələn gizli əmr isə konkret təbəqələri ciddi suratdə hərəkətə gətirib.

Bu, açıq-aşkar təzyiq metodudur və xarici istismarçılar ölkəmizi onlardan (lazım olmadığı halda) borc götürməyə vadar etməyə çalışırlar. Bu hadisələrin bənzərini isə biz qardaş Türkiyədə müşahidə etdik. Türkiyə dövləti xarici maliyyə institutlarından uzunmüddətli və böyük faiz qarşılığında götürdüyü borcların son sentini ödəyib qurtaran kimi ölkə daxilindəki marjinal qruplar o dəqiqə hərəkətə keçdilər.

Xalqın dövlət-hakimiyyətlə birliyi nəticəsində bütün hücumları dəf edən Türkiyə artıq hər kəsə öz şərtlərini diqtə edərək, tutduğu inkişaf yolu ilə uğurla addımlayır. Bu gün Azərbaycanda da xalqın dövlətə və dövlətçiliyə sədaqəti bütün bu hücumları dəf edəcək, xalqımızın artan və yüksələn rifahının qarşısını heç bir düşmən ala bilməyəcəkdir. Birilərinin bunu nəhayət, anlamaları lazımdır.

“Yeni Çağ” Analitik Qrupu

COP29