“Hakimiyyətdaxili qrupların fəaliyyəti cəmiyyətdəki mümkün fəallığa təkan verəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin mövcud siyasi düşərgələrinin seçki hazırlıqlarını dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib:
“Əslində, ölkədə baş verən bəzi son hadisələr cəmiyyətdə müəyyən fəallaşmaya gətirib çıxartmalı idi. Bunun ilkin əlamətləri görünsə də, ancaq sonra həmin fəallıq səngidi.
Yəqin bu da əhalinin, o cümlədən siyasi qüvvələrin hələ yay ab-havasından çıxmamaları ilə bağlıdır.
Ancaq böyük ehtimalla yaxın dövrlərdə fəallığın tədricən yüksələcəyini gözləmək olar. Bunu isə tək qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirmək düzgün olmazdı.
Ümumiyyətlə, dünyada və regionda cərəyan edən proseslər Azərbaycan cəmiyyətini də silkələyib ətalətdən çıxartmalıdır.
Müxalifətə gəldikdə isə, düzdür, əsas partiyaların və birliklərin fəallığından danışmaq üçün əsas yoxdur. Bununla belə, qeyd etdiyim kimi, müxalifətin aktivlik mərhələsi başlayacaq.
Lakin bu aktivliyin sistemli olub-olmayacağını söyləmək çətindir. Çünki müxalifət daxilində əksər hallarda taktika strategiyanı üstələyir. Bunun nəticəsində də uzunmüddətli hədəflərə yetişmək mümkün olmur”.
S. Cəlaloğlunun sözlərinə görə, müxalifətin gözlənilən prezident seçkilərinə yönələn hazırlığı müəyyən mənada hakimiyyətin seçki planlarından asılıdır:
“Etiraf edək ki, prezident seçkilərində iştirak iki məqsəddən irəli gəlir: sadəcə, iştirak xatirinə seçkilərə qatılmaq və nəyin bahasına olursa-olsun, qalib gəlmək. Mən özüm 2013-cü il seçkilərinə dediyim kimi, yalnız iştirak xatirinə qatıldım.
Aydındır ki, lazımi səviyyədə maliyyə və insan resursları olmadan seçkilərdə qalib gəlmək imkan xaricindədir. Mən də seçki təbliğatı zamanı cəmiyyətə öz baxışlarımızı təqdim etməklə kifayətləndim.
İndi müxalifətin prezident seçkilərinə necə hazırlaşmasında da dediyim amillərin rolu həlledici olacaq. Eyni zamanda, müxalifətin seçki hazırlığına hakimiyyətin namizədinin dəyişməsi ehtimalı da ciddi təsir göstərəcək. Digər tərəfdən, əgər bu ehtimal doğrularsa, o halda hakimiyyətdaxili qrupların fəaliyyəti də cəmiyyətdəki mümkün fəallığa təkan verəcək.
O baxımdan, hesab edirəm ki, müxalifət prezident seçkilərinə maddi imkanları yüksək olan və cəmiyyəti öz ətrafında səfərbər edə biləcək bir şəxsin namizədliyi ilə qatıla bilər. Təbii ki, o namizədin kim olacağını indidən söyləmək mümkün deyil”.
A.Zeynalov