Müxalifətin SEÇKİ TƏRƏDDÜDÜ: “Vəziyyət artıq yüz səksən dərəcə dəyişib və…”

“Ötən seçkilərdə “marafon”a qatılan müxalif namizədlərin əsas arqumenti ölkə ərazilərinin iyirmi faizinin işğal altında olması faktı idi”.

Bu fikirləri müxalifət qüvvələrinin prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirakla bağlı müşahidə olunan tərəddüdlü mövqeyinin səbəbləri haqda danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əks düşərgə mənsublarını gözlənilən seçkilərə qatılmaqdan çəkindirən əsas faktor dövlət başçısının uğurlu fəaliyyətinin nəticələridir:

“Növbədənkənar prezident seçkilərinin təyin edilməsi ölkənin siyasi gündəmin dəyişən çox mühüm siyasi hadisəyə çevrilib. Ötən gündən etibarən, ən çox müzakirə olunan mövzu məhz bu məsələdir.

Təbii, növbədənkənar seçki təyin olunubsa, deməli, hakimiyyətin bununla bağlı dəqiq fəaliyyət planı mövcuddur. Lakin bu fonda müxalifətin əsas qüvvələrinin seçkilərlə əlaqədar hələ də qəti mövqe bildirməmələri maraqlı, amma başadüşülən məqamdır.

Bu da səbəbsiz deyil. Azərbaycan hakimiyyətinin, xüsusilə də prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və bütün ərazilərimiz üzərində suverenliyinin tam bərpasına yönəlik uğurlu fəaliyyəti dövlət başçısının siyasi rəqiblərini onunla seçki mübarizəsindən çəkindirir.

Xatırlayırsınızsa, ötən seçkilərdə “marafon”a qatılan müxalif namizədlərin əsas arqumenti ölkə ərazilərinin iyirmi faizinin işğal altında olması faktı idi. Ancaq vəziyyət artıq yüz səksən dərəcə dəyişib və müxalifətin əvvəlki tənqid tezisləri öz aktuallığını itirib.

Ona görə də, belə bir şəraitdə cəmiyyətdə qalib obrazı daha da möhkəmlənən İlham Əliyevlə seçkiyə getmək onlara perspektivli addım kimi görünmür. Amma bu o demək deyil ki, əks düşərgədən seçkiyə qatılan olmayacaq. Prosesə hələ yeni start verilib. Yəqin müxalif siyasətçilər arasında seçkiyə qatılanlar olacaq”.

Nəsimi Ələsgərli

COP29