Müxaliflər artıq İsa Qəmbəri “tanımırlar”

big9453-musavat

Vurğun Əyyub: “Fəaliyyətimi kimlərinsə sözünə görə qurmuram”

Tural Abbaslı: “Fraksiya məsələsində israrlıyam”

Müsavatın Ümumrespublika müşavirəsində partiyanın sabiq başqanı İsa Qəmbər açıq şəkildə Arif Hacılını dəstəkləyən, Qubad İbadoğlunun yeni qurultay çağırışına qəti şəkildə qarşı çıxan çıxışları ilə yadda qaldı.

Görəsən, bu çıxışdan sonra müxaliflər geri çəkiləcəkmi?

Sabiq Divan üzvü Vurğun Əyyub Yenicag.az saytına açıqlamasında məsələyə diplomatik tərzdə cavab verdi: “Növbədənkənar qurultayın  çağırılması məsələsi  partiya nizamnaməsində tənzim olunub, qaydaları var. Kiminsə, bunun əleyhinə olub-olmaması vəziyyəti dəyişmir. Ümumiyyətlə, hər kəs öz fikrini söyləməkdə azaddır və mən fəaliyyətimi kimlərinsə sözünə görə qurmuram”.

Yenicag.az saytına açıqlamasında başqanlığa sabiq namizəd Tural Abbaslı fraksiya yaradılması məsələsində bütün hallarda israrlı olduğunu, ancaq eyni zamanda İsa bəyin açıqlamadığı bəzi məqamlara aydınlıq gətirilməsi zamanını gözlədiyini dedi: “İsa bəyin müşavirədə qoyduğu mövqe mənim üçün yenilik deyildi. Onun mövqeyi əvvəlcədən bəlli idi. Tədbirdə də o bu mövqeyini bir daha səsləndirdi. Tərəfdarlarım və mən fraksiyanın yaradılması məsələsində israrlıyıq. Ona görə ki, partiyadaxili demokratiya olmalıdır. İnsanların sözləri, iradları və əks fikirlərini rahat şəkildə ifadə edə biləcək bir ortam istəyirəm. Sağlam rəqabətlə partiya daxilində strukturlarda təmsilçilik qaydasının tətbiqini istəyirəm. Yeni başqan seçiləndən bəri bütün bunları görmədiyimdən, fraksiya məsələsində israrlıyam. Bu məsələləri hazırki rəhbərlik həll edəcəksə, qısa zamanda partiyadaxili demokratiyanı bərpa edəcəksə, fraksiyaya da ehtiyac qalmayacaq. Odur ki, atacağımız addımlar bəllidir. Gəldikləri kimi davam etsələr, qalib gəldiklərinə görə, ancaq onların dediyi olmalıdır təfəkkürü ilə yanaşsalar, fikrimizdə qalaraq, fraksiya yaradılması istiqamətində addımlar atacağıq. Digərr tərəfdən, İsa bəyin açıqlamadığı nüansların açıqlayacağı vaxtı da gözləyirəm. İsa bəy müşavirədə anons da verdi ki, bəzi məsələlərə hələlik açıqlama gətirmək istəmir. Odur ki, İsa bəyin  həmin məqamlara açıqlama gətirəcəyi zamanı da gözləyirəm. Görək nə deyəcək və proseslər hansı istiqamətdə davam edəcək”.

Rüfət/Yenicag.az