“Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarov həbs olunduğunu xəbər vermişdik.
Yenicag.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi Hacı Zeynalabdin qəsəbəsində oğurluq etdiyi üçün Sumqayıt şəhər məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, sözügedən qəsəbənin telefon xətlərini oğurlayan mütəşəkkil qrupun üzvü olan Nicat Muxtarovun həbsdən çıxarılması üçün işlər gedir. Bu məsələdə “Sumqayıt”ın Müşahidə Şurasının sədri, “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayev daha çox canfəşanlıq göstərdiyi iddia olunur. Qeyd olunur ki, millət vəkili oğurluq edən futbolçunun azadlığa çıxması üçün yaxın əlaqələrini işə salıb.
Belə durumda Muxtar Babayevin həssaslığını anlamaq çox çətindir. Hər halda, Azərbaycan Respublikasının qanunları hamı üçün keçərli olmalıdır. Cinayətkar mütləq şəkildə cəzasını çəkməlidir ki, bir daha belə əməllərə əl atmasın. Əks halda bunun nəticəsi daha acınacaqlı ola bilər.
Buna görə də Muxtar Babayev üçün Ümummilli lider, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev belə qanunsuz əməllərlə bağlı dediyi sitatı xatırladırıq: “Dövlət iki məsələdən sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə”…
Qeyd edək ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm “Sumqayıt”ın “Kəpəz” və “Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.
“Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidir. Nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. İddia olunur ki, futbolçu da 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açıb, yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb.