Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu Xok və Çalxanqala kəndlərində ot bağlamalarında, Şərur rayonu İbadullah kəndində biçilmiş taxıl sahəsində, Sədərək rayonu Sədərək kəndində isə həyətyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal Kəngərli, Şərur və Sədərək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xok kəndində baş verən yanğın hadisəsi nəticəsində 5100 kiloqram ot bağlanması və 25 kvadratmetr yardımçı tikilinin yanar konstruksiyaları yanıb, 850 kiloqram ot bağlanması və 20 kvadratmetr digər yardımçı tikili yanğından mühafizə olunub. Çalxanqala kəndində isə 1190 kiloqram ot bağlaması və tayanın üzərinə qurulan 90 kvadratmetr çardağın yanar konstruksiyaları yanıb, 680 kiloqram ot bağlaması və 90 kvadratmetr yardımçı tikili yanğından mühafizə olunub.