Muzdlu işçilərə və fərdi sahibkarlara ödənilən vəsaitin MƏBLƏĞİ

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 164 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 104 093 fərdi (mikro) sahibkar, ümumilikdə 131 257 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 359 işçini əhatə edən 27 164 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,3 mln manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,13 mln manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 308 vergi ödəyicisinə 195 307 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 44,2 mln manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 96 196 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,8 mln manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 54,4 mln manat vəsaitin 91 355 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.