Mxitaryanı hava limanında yumruqlayaqmı?

İndi də Mxitaryan söhbəti dəbdədi.

Zamanla bu kimi söz-söhbətlərin müəyyən tarixi-siyasi məqamlarda gündəmə atılması artıq adiləşdiyindən, bu söhbəti də qulaqardı etmək olardı bəlkə. Amma bu dəfə məsələ bir az həssas göründüyü üçün fikirlərimi bölüşməyi lazım bildim.

Söhbət, İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın guya təhlükəsizlik təminatı verməyəcəyi haqda iddialardan gedir. Diqqətli oxucunun gündəmin mövzusunu izlədiyinə əmin olduğum üçün birbaşa mətləbə keçmək istəyirəm.

***

Bilmirəm, belə qızışdırıcı söz-söhbətlərin yayılması kimə və kimlərə sərf edir; təkcə bildiyim odur ki, bu kim və bu kimlər ən azı, Azərbaycan xalqının gələcəyini düşünən “fədakarlar” ola bilməz.

Niyə?

Birinci “niyə”si budur ki, Azərbaycan xalqına münaqişə lazım deyil. Onillərimizi əlimizdən aldı, gələcəyimizi, inkişafımızı, rifahımızı oğurladı bu münaqişə.

Sizcə, hər gün qulaqlarımızı dəng eləyən bu sualları qulaqardı etməliyikmi:

Məgər Azərbaycan xalqı müasir dünyanın inkişaf etmiş azad xalqları kimi münaqişəsiz-filansız bir həyat şəraitində yaşamaq istəməzmi? Bütün qonşuları ilə sülh şəraitində, əmin-amanlıqda yaşayan xoşbəxt bir xalq təsəvvür edin. Etdinizmi? Sizcə, niyə o xalq biz olmayaq? Məgər buna haqqımız yoxdurmu? Yoxsa sivil, dünyəvi bir cəmiyyətdə yaşamağa mədəni səviyyəmiz yol vermir?

Əsla! Qətiyyən!

Dünyada ədalətli bir yanaşma olsaydı, nəinki Qafqazda, hətta dünyanın bir çox xalqlarından daha üstün bir xalq olduğumuz etiraf edilərdi. Nədən ki, bəşər cəmiyyətinin qazandığı ən üstün dəyərlərdən birincisi – humanizm, başqa xalqların əsrlər boyu demokratik inkişaf prosesinin nəticəsi kimi ortaya çıxırsa, bizim kültürümüzdən gəlir.

Elə deyil bəlkə?

Qonağı gələndə az qala evdən çıxan, özümüz ac qalsaq belə, son tikəmizi qonağa yedirtmək kimi təvazökarlığın ifrat həddini hər kəsə göstərən biz deyilikmi? Məhz bu kimi xüsusiyyətlərimiz ucbatından başımız min bir dərdə girməyibmi?

İndi başımız min bir dərdə girib deyə, günahı kültürümüzdəki humanizmdəmi axtarmalıyıq? Məgər ali insani dəyərlərə sahib olmağımızı həzm edə bilməyən həsədkarların səviyyəsinəmi enməliyik?

Əlbəttə, onu demək istəmirəm ki, torpaqlarımızın işğalıyla barışmalıyıq – əksinə, dövrün reallıqlarının imkan verdiyi qədər, tarixi şans düşən kimi bütün itirilmiş torpaqlarımıza qayıtmaq, bizim üçün müqəddəs hədəf olmalıdır.

Ona görə də xalqlar arasında əbədi ədavət toxumları səpənlərin alətinə çevrilmək bizim hədəfimiz ola bilməz. Şəxsən mən, gələcək nəsillər üçün düşmən saxlamağın qəti əleyhinəyəm. Bəs siz necə?

Yaxşı, o zaman necə edə bilərik ki, həm torpaqlarımızı işğaldan azad edək, həm də torpaq xəstəliyinə tutlmuş bir qövmlə mehriban qonşuluq münasibətlərinə nail olaq?

Bunun asan bir yolu var: bütün dünyaya necə humanist, demokratik ənənələrə sahib bir xalq olduğumuzu layiqincə göstərməyi bacarmaq. Bu iş, tavtologiya kimi səslənməsin, ümumxalq işidir; dövlətin, hakimiyyətin, müxalifətin, rəsmilərin, qeyri-rəsmilərin – bir sözlə, hər bir fərdin üzərinə düşən bir vəzifədir.

Azərbaycan adı gələndə hər kəsin təsəvvüründə təhlükəsiz, xoşbəxt bir ölkə canlanmalıdır – buna nail olmalıyıq.

Bakıya gələn erməninin ağzına bir yumruq ilişdirib, geri qaytarmaq kimi məhəllə psixologiyasına yuvarlanmamalıyıq. Ən azı, “Torpaqlarınızın xeyli hissəsi ermənilər tərəfindən işğalda ikən, gücünüz bir qonağamı çatdı” sualı ilə üzləşməmək üçün…

Bu yerdə, ermənilərin Bakıya gəlişi ilə bağlı illər öncə yazdığım bir lətifə yadıma düşdü.

***

Bir gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı təcili olaraq təşkilat üzvlərini toplayır və deyir:

– Uşaqlar, deməli, erməniləri gətirən təyyarə sabah səhər saat 6-da Binə hava limanında eniş edəcək. Son dərəcə ayıq olmaq lazımdı, onları Bakıya buraxmamaq üçün əlimizdən gələni etməliyik. Manaf, sən filan yerdə dur, Mürsəl, sən filan yerdə gözlə.

Beləcə, o, bir neçə QAT üzvünə təlimat verir. Sonra cibindən 5 manat çıxarıb deyir:

– Alın, bu da yolpulunuz.

Uşaqlar etiraz edir:

– Akif müəllim, bu, çox azdı. 5 manat getməyimizə ancaq yetər. Bəs qayıdanda nə edəcəyik?

Akif Nağı təmkinini pozmadan deyir:

– Narahat olmayın, qayıdanbaş polislər gətirəcək.

***

Bu lətifə Akif bəyin də çox xoşuna gəlmişdi. Bir gün məni görəndə dedi:

– Əvəz bəy, çox maraqlı lətifədi. Ondan sonra hər dəfə uşaqlar məndən pul istəyəndə, yarı məbləğ verirəm, deyirəm qayıdanbaş polislər sizi xərcə düşməyə qoymayacaq.

***

Əlbəttə, yurd-yuvası işğalda olan azərbaycanlının işğalçı ermənilərin nümayəndəsinə yuxarıdakı lətifədə olduğu kimi münasibəti başadüşüləndir. Eyni zamanda, ölkəmizə gələn hər kəsin təhlükəsizliyini təmin etmək də polisin vəzifəsidir. Yəni bizim reallığımız budur və bu reallıq lətifələrə yansıyacaq qədər aktualdır.

Əlbəttə, zarafatın da öz yeri var. Amma stareji həssas məsələlərlə zarafat etmək olmaz.

Demək istədiyim odur ki, Azərbaycanın Mxitaryan problemi yoxdur. Azərbaycanın Dağlıq Qarabağ problemi var. Və Azərbaycan nəinki Mxitaryana, nəinki Bakıya rəsmi və qeyri rəsmi səfər edən hər hansı erməniyə, hətta ölkəmizə qarşı olmazın xəyanətlər və cinayətlər törətmiş bir xalqın Dağlıq Qarabağda – Azərbaycan ərazisində yaşayan bütün nümayəndələrinə belə, ən yüksək şəkildə təhlükəsizlik təminatı verə biləcəyini dəfələrlə sübut edib. Yetər ki, Ermənistan və separatçı rejim, eləcə də onları öz çirkin siyasətlərinə alət edənlər xalqımıza qarşı ədalətsiz savaşın, əsassız iddiaların başını buraxsınlar…

Əvəz Qurbanlı