Nadir Şəfiyev: “Dilimizi korlamaq qəbahət yox, CİNAYƏTDİR!”

Televiziya cəmiyyətimizin güzgüsidir. Bu ifadəni hər birimiz eşitsək də, onun mahiyyəti haqqında dərindən düşünən az olur. Sadəcə baxdığımız müxtəlif verilişlərdə gördüklərimizlə cəmiyyətdə rastlaşdıqlarımızı, bu halların müxtəlif tendensiyaları əks etdirdiklərini qeyd edirik. Çox nadir hallarda kimsə bu verilişlərin bizim düşüncəmizə, cəmiyyətimizdəki proseslərə necə təsir etməsi haqqında fikirləşir. Reallıq isə belədir ki, hər bir evin “çağırılmamış qonağı” olan televiziya özümüzün də, ailə üzvlərimizin də düşüncə tərzi və davranışına birbaşa təsir göstərir. Elə buna görə də, televiziyda çalışanlar onun əsas funksiyalarını, təsir imkanlarını dərindən dərk etməli və bunlardan cəmiyyətimizin, xalqımızın mənafeyi naminə istifadə etməlidirlər. İmkanlarımızı müəyyənləşdirmək üçün isə, televiziyanın əsas funksiyalarını bilməli və onların necə həyata keçirilməsini təhlil etməyi bacarmalıyıq.
Azərbaycan televiziyalarının hazırki vəziyyəti
Bu günkü reallıq belədir ki, televiziya haqqında danışdıqda, cəmiyyət üzvlərimizin əksəriyyəti azərbaycan televiziyalarına baxmadıqlarını qeyd edirlər. Bunun acınacaqlı hal olduğu şübhə doğurmur. Amma daha sonra həmin adamlar filan verilişdə filan məsələni, digər verilişdə digər məsələni, filan kanalda filan verilişi bəyənmədiklərini söyləyirlər. Deməli, az da olsa, baxırlar… Bəs baxmaq istəməyənləri ekran qarşısına necə qaytarmaq olar? Televiziyaların dolanışığını təmin etməklə yanaşı, onların milli maraqlarımıza, mənəvi dəyərlərimizə zərbə vurmaması üçün hansı tədbirlər görülməlidir? Sirr deyil ki, rəyi soruşulanların əksəriyyəti bir qayda olaraq telekanallarda dedi-qoduya çox yer ayrıldığını, musiqili əyləncə verilişlərinin çox olması, milli-mənəvi dəyərlərə az yer ayrılmasından gileylənirlər. Televiziya rəhbərləri isə, məhz bu qəbildən olan verilişlərin daha yüksək reytinq qazandığını, yəni daha geniş auditoriya cəlb etdiyini bildirirlər. Şübhə yox ki, hazırki televiziyanın inkişaf konsepsiyasını hazırlamaq üçün bu fenomen dərindən təhlil olunmalıdır. Amma bu böyük bir araşdırmanın, hətta deyərdim elmi araşdırmanın mövzusudur. Bizə isə yaranmış vəziyyətlə bağlı daha ağrılı istiqamətləri müəyyənləşdirmək və çıxış yolu ilə bağlı gördüklərimizi diqqətə çatdırmaq düşər.
Televiziyada islahata nədən başlamalı?
Televiziyanın audio-vizual sənət olduğu hər kəsə məlumdur. Bu isə o deməkdir ki, televiziya vasitəsilə təqdim olunan materiallar daha inandırıcı və təsirli olmalıdır. Axı deyilənlər görüntü, göstərilənlər isə shifahi nitqlə tamamlanır ( hər halda, tamamlanmalıdır ). Bəs bizim televiziya nitqimiz və təqdim edilən görüntülərimiz müasir tələblərə cavab verirmi? Təəssüflə söyləməliyik ki, yox. Və əgər görüntünün təmin olunması bir çox amildən (mütəxəssislərin yetişdirilməsi və təcrübəsi, müvafiq materialların və avadanlığın gətirilməsi, böyük məbləğdə vəsaitin tələb olunması və s.) asılıdırsa, nitq keyfiyyətinin təmin edilməsi birbaşa özümüzdən asılı olmaqla yanaşı, heç bir əlavə vəsaitin cəlb olunmasını da tələb etmir.
Misallar və çıxış yolu.
Əlbəttə ki, mənim müxtəlif qurumlar kimi uzunmüddətli xüsusi monitoring aparmaq imkanım yoxdur. Sadəcə, fərd olaraq, efirə baxıb gördüklərimi qeyd edir və vəziyyətdən çıxış yolunu diqqətinizə çatdırmaq istəyirəm. Müşahidələr göstərir ki, efirdə olan şəxslər ildən-ilə eyni səhvlərə yol verirlər. Misal üçün, tok-şou formatında olan verilişlərin aparıcıları “sizlər”, “bizlər”, “ifa almaq” kimi azərbaycan dili qaydalarına uyğun gəlməyən ifadələr işlətməklə yanaşı, bir çox əcnəbi sözlərdən, xüsusilə də rus sözlərindən istifadə edirlər. Maraq doğuran hal isə odur ki, onların bir qismi rus dilini ya bilmir, ya da çox zəif bilir. Bəs belə olan halda, bu sözlərə olan “məhəbbət” hardan qaynaqlanır?
Dil ilə bağlı digər qəbildən olan problem isə xəbər təqdimatı ilə bağlı. Bu sahədə təqdimat bir qədər fərqlidir. Aparıcı, bir qayda olaraq, bir neçə instansiyada yoxlanılmış hazır mətni oxuyur. Bu halda səhvlər iki cür ola bilər: ya xəbərin yazılması və yoxlanması zamanı səhvə yol verilib, aparıcı da öz növbəsində həmin səhvi görməyərək (bunun özü də qəbahətdir) efirdə səsləndirib. Ya da yazının düz olmasına baxmayaraq, aparıcı mətni səhv oxuyub, və ya vurğunu səhv vurmaqla xəbəri təhrif edib.
Bəs vəziyyətdən çıxış yolu varmı?
Məndə olan məlumata görə, MTRŞ vaxtaşırı monitoring keçirir və onun nəticələrini televiziyalara təqdim edir. Həmin monitoringlərdə dil məsələsinə xüsusi diqqət yetirilir. Buna baxmayaraq, problemlər hələ də mövcuddur. Nöqsanların aradan qaldırılmaması, səhvlərin eyni aparıcılar tərəfindən dəfələrlə təkrarlanması belə qənəətə gəlməyə əsas verir ki, həmin şəxslər rəhbərləri tərəfindən tənbeh olunmayıblar. Bunun isə bir neçə səbəbi ola bilər: ya rəhbərlik məsələyə laqeyd yanaşır; ya rəhbərlik həmin aparıcıların reyting gətirmələrini dil sahəsində qüsurlardan vacib hesab edir; ya da rəhbərlik özü dili bilmədiyi üçün, həmin aparıcıların özünü təmizə çıxarmasını “seyr etməklə” kifayətlənir.
Bəlkə də elə bununla bağlıdır ki, həmin rəhbərlərin göstərişilə, hətta “canlı”, və ya “birbaşa” yayım sözləri əvəzinə, Azərbaycan teleməkanında “live” sözü yazılır. Lap Böyük Britaniya əsarətindən yeni qurtulmuş və hələ də ingilis dilinin öz dillərilə yanaşı ana dili statusu daşıyan 3-cü dünya ölkələri kimi. Cənablar, bu qəbahətdir! Daha dərindən düşünsək isə, CİNAYƏTDİR! Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı törədilən cinayət! Məsələ o qədər ciddi xarakter alıb ki, Prezidentin fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi dil qüsurları ilə bağlı monitorinqlərin əhatə dairəsini genişləndirəcək. Bu dairəyə telviziya və digər KİV-lər də daxildir.
Amma… zənnimcə dil sahəsində mövcud qüsurların araşdırılması ilə yanaşı, səhvlərə təkrar yol verən qurumlar və şəxslərə qarşı müvafiq sanksiyaların tətbiqi haqqında da düşünməyə dəyər. Dilimizə hörmət etməyənlər özlərinə qarşı hörmət və diqqət umurlarsa, səhv edirlər. Əslində bu qəbildən olan səhvə yol verənlərin cəzalandırılması öz sənətinə (jurnalistikaya), öz dilinə, tarix və mədəniyyətinə hörmətlə yanaşan insanlara bir töhfə olar. Eyni zamanda, əksəriyyətinin yalnız maddiyyat dilini anlayan digər şəxslərin azərbaycan dilinə, azərbaycan mədəniyyətinə, Azərbaycan maraqlarına xələl gətirməsinin qarşısı alınar.
Hər halda, mən belə düşünürəm.

Nadir Şəfiyev

COP29