Nağdsız ödənişlərin üstünlükləri: Kölgə iqtisadiyyatına yaradılan maneə, geri qayıdan faizlər… – RƏY

“Nağdsız ödənişlər kölgə iqtisadiyyatının qarşısının alınmasında önəmli paya malikdir”.

Bu fikirləri nağdsız ödəniş üsullarının tətbiqini dəyərləndirən iqtisadi ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, xarici ölkələrdə bu ödəniş üsullarından çoxdan istifadə edildiyi halda, Azərbaycanda bu yöntəm yeni tendensiya sayılır.

“Dünya praktikasında nağdsız ödəniş üsulları çoxdan istifadə olunur. Lakin ölkədə gündəlikdə nağdsız ödəmələr əhaliyə qəribə gəlirdi. Son bir neçə ildə isə ölkəmizdə qeyri-nağd ödənişlərin edilməsinə üstünlük verilir. Xüsusilə ödənişlərin rəsmiləşdirilməsi, bank sektorunun inkişafı, vergi yığımı və digər bu kimi sahələrdə nağdsız ödənişlərin tətbiqi kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmçinin nağd ödənişlər zamanı ƏDV 5 faiz, nağdsız ödənişlərdə isə 17,5 faiz geri qaytarılır. Bu amil nağdsız ödənişlərin təşviqinə də şərait yaradır. Ümumilikdə, nağdsız ödənişlər adıçəkilən sahələrin, eyni zamanda digər bu kimi sektorların inkişafı üçün önəmlidir”.

Yusif Səmədzadə