Nahid Canbaxışlı: “Seçən də, seçilən də bizik”

Azərbaycan Mətbuat Şurasının Vll-ci Qurultayı hələ keçirilmədən bir müddət əvvəl artıq “qara piar” işə salınmışdı.

Nədir bizdəki bu xislət,bu ayırımçılıq? Bircə bunun cavabın doğru-dürüst açan ola. Durub Əflatun Amaşovu və yaxud da digər şəxsləri qaralamaqla əlinizə nə keçir?!

Əslində keçirilən qurultayın işinə qatılan KİV-ləri qaralamağa yönəlik mövqe ortaya qoymaq məntiqsizlik və ayrı-seçkiliyə yönəlik hərəkətlər içərisinə girməkdi. 1998-ci ildən “Rezonans”qəzetindən başlayan jurnalist fəaliyyətimdə tanıdığım ölkə mediasının bütün qaymaqları qurultayın işində iştirak edirdilər. Təbii ki dünyasını dəyişənlər, mediada uzaqlaşıb başqa sahələrdə çalışanlar nəzərə almaqla. Rauf Arifoğlu, Yunus Oğuz, Rəşad Məcid, Akif Aşırlı, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Azər Həsrət, Aydın Quliyev, Vüsalə Mahirqızı, Aynur Camalqızı və neçə- neçə adını çəkmədiyim KİV kapitanları. Bu insanlar müasir Azərbaycan mediasının,xüsusilə də yazılı mediamızı irəli aparan, yaşadan, quranlardırlar. Bu insanların olduğu və bunlarla bərabər yüzlərlə digər KİV təmsilçilərinin iştirak etdikləri ali bir tədbirə başqa bir don geyindirmək sadəcə olaraq paxıllıq və gözügötürməzlikdir. Qurultayın gedişində edilən çıxışlar, irəli sürülən təkliflər milli mətbuatımızın maraqlarından doğan təkliflərdi. 1.Dünyasını dəyişən jurnalistlərin ailələrinə dəstək fondunun yaradılması, 2.internet medianın dövlət dəstəyi, 3.milli dəyərlərimizin və virtual təhlükəsizlik istiqamətində addımların atılması, 4.Çap mediası üçün ƏDV nın götürülməsi, 5.Həbsdə olan jurnalistlərin azad edilməsi Və s. Bütün bu qeyd etdiklərim Azərbaycan mediası ilə bağlı deyilmi? Məgər qurultaya o özünü çoxbilmiş hesab edənlər qatılsaydılar yeni bir şeylərmi icad edəcəklər? Əksinə yuxarıda səsləndirilməsindən fərqli bir fikir ortaya qoyacaqlarına kimsə məni inandıra bilməz. Artıq yeni tərkib qurultay iştirakçıları tərəfindən müəyyən edildi və bundan sonra milli mətbuatın problemlərini araşdırmaq, üzə çıxarmaq, bu problemlərin həlli istiqamətində çalışacaqlarını şübhəmizdə yoxdur. Əgər, özlərini narazı hiss edənlər problemləri varsa, buyurub Mətbuat Şurasının İdarə Heyətinə müraciət edə bilərlər. Çünki seçilən də, seçən də bizik. Biz isə özümüzün evini birlikdə qorumalıyıq. Mətbuat Şurası bizim ümumi evimizdi. (aktual.az)