“Əgər sərbəst buraxılsaydı və yaxud şərti cəza verilsəydi, yanaşma tərzi başqa cür ola bilərdi”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilməsi haqqında danışarkən deyib. O, bildirib ki, ona verilən cəza tam olaraq qanunda nəzərdə tutulan ümumi qaydaya uyğun şəkildə tətbiq olunub:
“Qanunda necə nəzərdə tutulubsa, elə də olmalıdır. Buna görə biz heç bir şərh verə bilmərik. Sanksiyada bu qədər müddət varsa, deyə bilərəm ki, ümumi qaydaya uyğun olaraq cəza həddi tətbiq olunub. Əgər sərbəst buraxılsaydı və yaxud şərti cəza verilsəydi, yanaşma tərzi başqa cür ola bilərdi. 264-cü maddənin sanksiyasında həmin müddət var və ona uyğun olaraq da cəza verilib. Həmçinin, Nailin zərərçəkənlərlə barışığı var. Onlar da açıqlamalarında bildirib ki, dəymiş zərərin hamısı ödənilib. Bu da işin müsbət tərəfidir”.
Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda ittiham edilsə də, bu, məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib.
Elvin Paşazadə