Fətullayev, yəni bizim Eynulla, şəxsən mənim üçün əhəmiyyətli insandır. Amma əsla və qətiyyən “əzizlik” mərtəbəsində deyil! Bu gün Azərbaycan jurnalistikasında və ictimai-siyasi həyatında imza, nüfuz sahibi olan xeyli sinif, məktəb, universitet yoldaşım var. Səfirliklərdə çalışan, hüquq-mühafizə orqanlarda yüksək rütbələrə çatanlar da az deyil.
Eynullanı da o illərdən – lisey dönəmindən tanıyıram.
Biz BDU-nun Tarix fakültəsinin yaratdığı və 20 saylı məktəbin binasında yerləşən Respublika Tarix Liseyində, o isə 20 saylı orta məktəbin rus bölməsində oxuyurdu. Biz rayonlardan gəlmiş, Yaqub Mahmudovun, Kərim Şükürovun, Kərəm Məmmədovun 20-ci əsrin əvvəllərindəki maarifçilər sayaq qapı-qapı gəzib topladığı Jan Valjanlar, o isə atası paytaxtın ən iri zərgərlik zavodlarından birində guya “rəhbər” vəzifədə çalışan “zəngin” oğlu idi. Amma çox-çox sonralar mərhum atasını tanıdıqda şəxsən mənə bəlli oldu ki, hamısı gop, hamısı küy imiş, Eynulla da elə bizim zümrədənmiş.
Həyatım boyu qısqandığım, həsəd apardığım yeganə istedad Nikolay Vasilyeviç Qoqol olub, tamamlaya bilmədiyi “Ölü canlar”ın ideyasına görə ona çox qibtə etmişəm. Əsəri oxuduqdan və heyran olduqdan çox-çox sonra bilmişəm ki, əslində ideya Qoqolun özünə məxsus deyilmiş, əsərin ana fikrini ona Aleksandr Puşkin veribmiş.
Mən Eynullanı onun “qorodskoy” məktəb və sinif yoldaşlarının biz lisey uşaqlarına ucdantutma “Puşkin” dediyi günlərdən xatırlayıram. Həyat doğrudan da qəribədir, bizləri xeyli dərəcədə Puşkin kimi- idealist və şərəfi naminə ölməyi gözünə alan fərdlər kimi yetişdirdi, eynullaları isə Pavel İvanoviç Çiçekov kimi!!!
“Kasıb mərd olur” deyiblər, biz ona qarşı hər zaman mərd davrandıq. Amma o, Məmməd Əmin Rəsulzadə haqqında guya bir kitab yazmışdı, balaca broşura idi, onu bizə pulla satdı. Məmməd Əmin Rəsulzadə haqqında broşuranı bizə pulla satan Eynulla həyatının bütün sonrakı dönəmlərində də hər şeyi paraya satdı.
Bizim bir Kənan vardı, yığışıb aldığımız üçrəngli bayrağı “Dağlı məhəlləsi”ndə kirayə qaldığı evdə saxlayırdı. Bir mitinq, kütləvi aksiya olan kimi o bayrağı o evdən götürər, aksiyalara qatılardıq.
Eynulla Fətullayevi o üç rəngli bayrağa güldüyü zamanlardan tanıyıram.
Söz vaxtına çəkər, mart ayı idi. İl 1992.
Yenə üç rəngli bayrağı Kənanın kirayə qaldğı zirzəmidən çıxardıb yürüşə qoşulmuşduq. Kütlə Xocalı qətliamından dolayı o zamankı prezident Ayaz Mütəllibova qəzəbli idi, onun istefasını tələb edirdi. Biz lisey uşaqları da qutsal bayrağımızı dalğalandıra-dalğalandıra minlərlə vətəndaşın önündə gedirdik. Yadımdadır, Ali Sovetin qarşısına çatdıqda biz gəncləri- əslində yeniyetmə idik- xüsusi salamladılar da! Uzun sözün qısası, bir az qışqırıb tribunadan edilən dəvət üzrə Ali Sovetin sağ blokdakı qapılarını tutmaq üçün irəlilədik. Qapının qarşısına çatanda şoka düşdük: Eynulla əlində meqafon Ayaz Mütəllibova “istefa” qışqırırdı. Baho, bu həmin Eynulla idi ki, məktəb daxilindəki siyasi müzakirələrdə hər zaman Mütəllibovu, Hacı Əbdülü müdafiə edirdi.
20 saylı məktəb siyasi ənənələri olan yer idi, Azərbaycan siyasətinin bir dönəm çox populyar fiquru olmuş Etibar Məmmədov məhz həmin məktəbin məzunu olmuşdu. Bizim yeniyetməlik vaxtımızda o məktəbdə siyasi sosiallaşmanın kumiri də elə Etibar Məmmədov idi. Etibar Məmmədovun yaxın qohumları, ailə üzvləri də orada çalışırdı. Doğrusu, lisey uşaqları arasında da rəğbət daha çox Etibar Məmmədova olsa da, xalq hərəkatının bütün isimləri, o cümlədən müstəqil Azərbaycanın tarixi bayrağını Azərbaycanın yenidən müstəqil olması üçün ilk dəfə rəsmi şəkildə Naxçıvanda dalğalandıran Heydər Əliyev xüsusi hörmətlə qarşılanırdı. Qısacası, biz Azərbaycanda azərbaycanlı olan hamını sevirdik, bircə Ayaz Mütəllibov və onun Hacı Əbdüllərindən başqa! Eynulla bizim çevrənin rusdilli Hacı Əbdülü, ən yaxşı halda Araz Əlizadəsi idi. Zira, mən onun dışlanmasına həmişə mane olur, bizim müzakirələrə qatılmasına şərait yaradırdım. Yadımdadır, bir gün Eynulla bizimlə eyni gündə və saatda alternativ diskussiya təşkil etmişdi və təbii ki, hər kəs bizim tədbirə qatıldığından- gələcəkdə Heydər Əliyev iqtidarında yüksək post tutacaq nüfuzlu qonaqlarımız da vardı- az sonra suyu süzülmüş halda müzakirəmizi dinləməyə gəlmişdi. Bax, həmin Eynulla idi, kütlənin axınına düşüb müdafiə etdiyi Ayaz Mütəllibovu istefaya səsləmək üçün özünü hamıdan qabağa vermiş, əlində meqafon cinah kəsmişdi.
Hə, Eynulla hər zaman belə oldu, mənfəət adına, çıxar adına nə varsa etməkdən çəkinmədi. Mütaliəsi ilə, savadı və istedadı ilə “Sosdem” kimi ad çıxardı, amma çıxar üçün YAP-a girdi, mənfəət üçün YAP-dan uzaqlaşdı, oyunbazlığına görə tutulanda prezident İlham Əliyev haqqında ağzına gələni yazdı, hakimiyyətin o zaman çox da yüksək ranqlarında təmsil olunmayan fiqurları qarşısında öhdəliklər götürüb azadlığa çıxanda yenə buqələmunluq etdi. Mən kinin, qisasın əleyhinəyəm, amma şəxsən mənim əleyhimə “Bədbəxt adam” filmi yayınlayan bir kanalın efirinə çıxsaydım, ilk növbədə o kanalın nədə və necə bədbəxt olduğunu isbat edərdim. Necə ki, Xədicə İsmayılın canlı efirinə qatılıb onun özünü yerlə-yeksan etmişdim. Çünki mənim həyatda dəqiq prinsiplərim, qırmızı cizgilərim var. Necə deyərlər, quyruğumu basdamadığı halda kimsənin üstünə getmərəm. Həmçinin milli maraqlara zidd saydığım heç bir mövqeni qardaşım da olsa əfv etmərəm. Bunları deməkdə məqsədim nə özümü öyməkdir, nə də Eynullanın xarakterini izah etmək. Daha çox təəssüflənirəm. Eynullanun timsalında uşaqlıqdan tanıdığım istedadlı və savadlı bir insan üçün gerçəkdən təəssüflənir, məyus oluram. Çünki bu adam üçün həyatın heç bir məqamında ali dəyər, müqəddəs amal, qırmızı cizgi olmadı.
Amsterdamda etdiyi çıxış da mənə məhz bu baxımdan təəccüblü gəlmədi. Azərbaycanda cox ciddi sosial-demokrat hərəkatı başlamaq şansını öz daxilindəki Hacı Əbdülə qurban verən Eynulla yenə dövlət və millət əeyhinə konyuktur mövqe sərgilədi, vətənimizin bölgələrini, Azərbaycan qadınını, türk kişisini aşağılayıb soydaşlarımızı əcnəbi ilə evlənməyə çağırdı. Burada yazıram, Azərbaycanın mövcud hakimiyyəti bir balaca zəifləyəndə, görün o, nə hoqqalardan çıxacaq! Heydər Əliyev kimi siyasi nəhəngin qarşısında və partiyasında fraksiya yaratmağa qalxmaq üçün sadəcə siyasi düdük olmaq azdır, bir az da kənardan üfürülmə lazım…İstənilən müqaviləni heçə sayan bir insan üçün ondan doğan əxlaq və prinsipiallıq da yoxdur. Məsələ bu qədər bəsitdir! Mən onun bu bəsitliyindən Əli Nağıyevin müşaviri olanda “Azadlıq” qəzetinə necə para sızdırmasındandan xəbərdaram. Nə isə, çox danışmayım bu barədə!
İndi gəlirəm, Eynullanın mesajlarına!
Əvvəla, bütün şəhərlər tarix boyu həmişə kəndlərdən bəslənib. Kəndlər ən istedadlı adamlarını şəhərə göndərərək ona “yeni qan” verib, ərazisini və kültürünü böyüdüb.
İkincisi, paytaxtlar öz milliliyini məhz əyalətdən çıxan liderlərin hesabına qoruyub. Heydər Əliyev kökəncə əyalət adamı- bizim Zəngəzurdan idi, amma Azərbaycan SSR-ni məhz O milliləşdirmişdi. Əliyevin milliləşdirmə siyasəti olmasaydı, Azərbaycan heç zaman yenidən müstəqillik qazana bilməzdi.
Üçüncüsü, 1988-ci ildən bəri Azərbaycanın itirdiyi ərazilərə rəğmən, qazandığı Bakıdır. Ermənilər Qarabağı müvəqqəti əldə etsə də, Bakını birdəfəlik itirib. Bakı, bu milliləşmə üçün son iki yüz il ərzində Güney Azərbaycanlılara, Qərbi Azərbaycanlılara, Qarabağlılara, Naxçıvanlılara, Şirvanlılara, digər bölgələrimizə təşəkkür etməlidir. Bakı bu gün post-sovet şəhərindən müasir Qərb infrostrukturuna malik bir meqapolisə dönübsə, bu böyük dönüşümü Eynullanın sevimlisi Ayaz Mütəllibov, Hacı Əbdül yox, haqqında könüllü mövqe ortaya qoymadığı İlham Əliyev gerçəkləşdirib.
Dördüncüsü, bu gün Azərbaycan qadınının dünyadakı örnək obrazı Mehriban xanım Əliyevadır. Son dərəcə çağdaş, son dərəcə kübar, son dərəcə vətənpərvər bir isimdir. Azərbaycan qadını məhz onu örnək alaraq siyasətə atılmalı, hətta siyasətə atılmasa belə, məhz o cür yüksək intellekt və təəssübkeşliklə öz xalqını, öz milli maraqlarını müdafiə etməlidir. Mehriban xanım Əliyeva kimi dünya çapında bir siyasi xadim yetişdirən millətin qadınlarına inamsızlıq aşılamaq meşşanlıqdan başqa bir şey deyil. Meşşanlar isə kənddə də olur, şəhərdə də; şərqdə də, qərbdə də!
Nəhayət, orta məktəb tanışım Eynullaya səmimi bir tövsiyyə də vermək istəyirəm. Getsin, yaxından tanıdığı və ölkədən çıxmasına yardım etdiyi Rəfael Allahverdiyevin həyatını yaxşıca öyrənsin. Məsələn onu öyrənsin ki, nədən Rəfael Allahverdiyev Əbülfəz Elçibəyin əlyazmalarını toplayırdı?!.
Ən sonda: Adam gərək getdiyi yerin, iştirak etdiyi tədbirin mahiyyətini bir az anlaya, anlayırsa, onun ruhuna xələl gətirməyə. Bəli, bu gün Azərbaycan Respublikasının bütün siyasi fikir müxtəlifliyinə rəğmən dövlət olaraq diaspor nümayəndələrinin təəssübkeşliyinə ehtiyacı var. Bu təəssübkeşlik isə milli natamamlıq kompleksindən uzaq olmalıdır. Hər halda Naira Ayrumyanın Amsterdamdakı tədbirlər barədə şərhlərini Eynulla da oxuyur. Maraqlı orasıdır ki, Naira da, Eynulla da diaspor nümayəndələrimizə milli natamamlıq kompleksi aşılamaq istəyir.
Keçməz!
Necə ki, Eynullanın Xocalı ilə bağlı xalqımıza qarşı tirajladığı yalanlar, iftiralar da keçmədi!!!
Taleh Şahsuvarov, İnterpress.az