Namiq Əhmədzadə beynəlxalq “Fridayvinq” müsabiqəsində Azərbaycanı təmsil edir – VİDEO

“Xəzər Media Mərkəzi”nin Proqramların monitorinqi xidmətinin rəhbəri Namiq Əhmədzadə Bolqarıstanın Burqas şəhərində “Fridayvinq” üzrə keçirilən 28-ci dünya çempionatında Azərbaycanı təmsil edib.

Yenicag.az xəbər verir ki, 29 ölkənin qatıldığı dünya çempionatında 120-dən çox idmançı iştirak edir.

4 mərhələli yarışmanın artıq iki mərhələsi geridə qalıb və həmyerlimiz orada yaxşı nəticə göstərib:

“Dünyanın tanınmış idmançılarının qatıldığı belə bir yarışmada iştirak etmək və Azərbaycanı təmsil etmək qürurvericidir. Bizdə idmanın bu növü yeni inkişaf edir və gələcəkdə daha da yaxşı nəticələr əldə edəcəyimizə əminik. Lakin mən artıq “Dynamic With Bifins(DYNB) disiplin”i üzrə 75 metr üzməklə milli rekord vurmuşam”.

Qeyd edək ki, Namiq Əhmədzadə 2019-cu ildən bəri sualtı ovla məşğul olur. O, idmanın fridayvinq növü üzrə bu ilin fevral ayından ciddi şəkildə məşqlərə başlayıb. May ayında isə Azərbaycan çempionatında “Nəfəsi sabit saxlama” disiplini üzrə 3-cü yerə layiq görülüb. Namiq Əhmədzadə bildirib ki, bundan sonra dünya çempionatında iştirak etmək üçün təklif alıb: “İyunun 24-də yarışmanın son günüdür. Qaliblər bundan sonra müəyyən olunacaq”.