“Əgər 100 minlərlə tirajı olan qəzetlər olsaydı, onların qəzetə üstünlük verməsi daha uyğun olardı”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində namizədlərin ödənişli media imkanlardan yararlanmamasının səbəblərindən danışan siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, yeni texnologiyalar ənənəvi medianı bütün sahələrdə sıxışdırmaqla məşğuldur.
“Seçkidə iştirak edən namizədlərin yeni mediadan istifadəsi təsadüfi deyil. Misal üçün 3000-5000 tirajı olan qəzetə reklam verilir və bütün ölkə ərazisinə yayılır. Bir dairə ərazisinə isə maksimum nəticə olaraq 50-100 nüsxə gedib çatdığını zənn edək. Yəni 40 min seçiciyə 100 nüsxə qəzet çatır. Bu nə qədər effektiv olacaq?
Ancaq sosial media üzərindən edilən paylaşımlar bir anda insanlar arasında tirajlanır və daha çox seçiciyə çatır. Bəzən bunun üçün çox cüzi, bəzən isə heç pul xərcləməyə də ehtiyac olmur. Bu baxımdan deputatlığa namizədləri başa düşmək olar.
Əgər 100 minlərlə tirajı olan qəzetlər olsaydı, onların qəzetə üstünlük verməsi daha uyğun olardı. Yaxud televiziyalar sosial mediaya uduzmasa idi, televiziyaya üstünlük vermələri daha məqsədəuyğun sayılardı.
Bu gün Azərbaycanda fərqli fikir eşitmək istəyən adamların üz tutduğu yer sosial media üzərindən yayımlanan alternativ kanallardır. Söhbət siyasi proseslərlə bağlı həqiqətləri kəskin şəkildə söyləyənləri dinləmək istəyənlərdən gedir. Bu, dövlət üçün təhlükəli tendensiyadır. Elə etmək lazımdır ki, tamaşaçılar televiziyadan qopmasın. Deputatlığa namizədlər də bu reallığı gördüyünə görə öz təbliğatlarını alternativ mediada qururlar”, – deyə siyasi şərhçi bildirib.
Nəsimi Ələsgərli