Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərdə namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu iyulun 13-dən başlayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova komissiyanın iclasında məlumat verib.
“Ölkənin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə artıq başlanılıb, onların qeydə alınması üçün dairə seçki komissiyaları tərəfindən sənədlərin qəbulu iyulun 13-də başlayacaq və avqustun 2-də başa çatacaq”, – deyə o bildirib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış – avqustun 9-da başlamalı və seçki məntəqələrinin açılmasına düz bir gün qalmış – avqustun 31-i saat 08:00-da başa çatmalıdır. Seçkilər üzrə “exit-poll”da iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına ərizələr avqustun 12-dək verilə bilər.
Seçki günü – sentyabrın 1-də seçici fəallığı barədə məlumat gün ərzində beş dəfə dərc olunacaq, seçkilərin yekun nəticələri sentyabrın 22-dək yekunlaşdırılmalıdır.