“Müxalifət düşərgəsində müşahidə olunan mövqe ayrılıqlarını da təbii hesab edirəm”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət partiyalarının 11 aprel növbədənkənar prezident seçkilərinə yönəlik fərqli mövqedən çıxış etmələrini dəyərləndirən ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub deyib.
Vurğun Əyyubun fikrincə, müxalifət qüvvələrinin seçkilərə münasibətdə bir araya gələcəklərinə yönəlik gözləntilər əsaslı deyildi:
“Əvvəla, nəzərə alaq ki, hər bir təşkilat qərar verməkdə sərbəstdir – onların qərarına müdaxilə etmək düzgün deyil. Ancaq təbii ki, seçkidə iştirak qərarı verənlər arasında səmimi olanlar da var.
Onlar hesab edirlər ki, seçkilərə qatılmaq siyasi mübarizənin davam etdirilməsi üçün mümkün olan ən yaxşı yoldur.
Bununla belə, sadəcə, aldıqları “tapşırıq” əsasında namizədliyini irəli sürənlərin olduğu da qeyd edilməlidir. O baxımdan, bunların bir-birindən fərqləndirilmələri lazımdır.
Eyni zamanda, müxalifət düşərgəsində müşahidə olunan mövqe ayrılıqlarını da təbii hesab edirəm. Çünki normal cəmiyyətdə hamının eyni cür düşünməsi və hərəkət etməsi mümkün deyil. Bu cəhətlər totalitar düşüncəyə xasdır.
Nəzərə alınmalıdır ki, hər bir siyasi təşkilatın məsələlərə, proseslərə öz yanaşması və taktikası olur. Hamı gözləyir ki, seçki varsa, müxalifət partiyalarının hamısı bir arada olmalıdır. Bu isə mümkün deyil.
Ona görə də, müxalifətin bir hissəsi seçkiyə qatıldığı halda, digər hissəsi fərqli qərar verib”.
A.Zeynalov