!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Narazı elektoratın potensialından yararlanmaq üçün..." - Partiya sədri

!Reklam – Yazi

“Narazı elektorat əhalinin sadəcə, aztəminatlı hissəsindən ibarət deyil”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində ölkədəki son prosesləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

– Müşahidə olunan son hadisələr ölkənin sanki hansısa ərəfədə olduğu təəssüratını yaradır…

– Həqiqətən də baş verən bu hadisələr ölkədə ciddi ərəfənin yetişdiyini göstərir. Nazir təyinatları, yaxud da nazir yerdəyişmələri hakim komandanın yenidən qruplaşdırılması cəhdi kimi başa düşülməlidir.

Diqqətçəkən əsas məqam bundan ibarətdir ki, bu dəyişikliklər, əvəzləmələr ölkənin Birinci vitse-prezidentinin komandasının formalaşdırılması məqsədi daşıyır.

Bütün bunlar Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi və Birinci vitse-prezidentin hakimiyyətin namizədi olacağına dair məlumatları ciddi qəbul etməyə əsas verir. Düzdür, hakimiyyət daxilindəki məlum qanad buna qarşı çıxmağa çalışır. Fikrimcə, onların bu narazılığı nəticə verməyəcək.

– Nəzərdə tutduğunuz hakimiyyətdaxili qanad bu dəyişiklikləri asanlıqla qəbul edəcək?

– Ola bilər ki, daxildən müəyyən narazılıq, müqavimət yaransın. Lakin nəticə etibarilə, bu müqavimətin elə bir əhəmiyyəti olmayacaq. Bayaq da dedim, yeni hakimiyyət komandası əsasən, Birinci vitse-prezidentin ətrafında formalaşdırılır. Əksəriyyət də bu gedişatı dönməz proses kimi dərk edərək, səsini çıxartmır.

Əsas müqavimət hakimiyyətin içindəki köhnə və müəyyən təsir imkanı olan yüksək məmurlardan – “qoca şahinlər”dən gələ bilər. Ancaq bu “şahinlər” də prosesi dayandırmaq imkanında deyillər. Bunu özləri də başa düşürlər.

– Hakimiyyətin bu istiqamətdə gedən hazırlıqları fonunda müxalifətin adekvat davranışı görünmür…

– Çox təəssüf ki, bu gün müxalifətin proseslərə təsir etmək imkanı çox zəifdir. Hakimiyyət siyasi rəqibi olan müxalifət düşərgəsinin əlində olan bütün resursları sıradan çıxarıb.

Hazırda müxalifətin ən böyük üstünlüyü ölkədə geniş narazı elektoratın mövcudluğudur. Proseslərin sürətlənəcəyi şəraitdə müxalifətin istinad edəcəyi əsas baza məhz narazı elektoratdır.

– Praktikadan çıxış etsək, müxalifətin bu kimi “kozır”lardan yararlanmaq qabiliyyəti haqqında birmənalı danışmaq olmur…

– Məncə, düzgün qurulmuş fəaliyyət sayəsində narazı elektoratın potensialından yararlanmaq mümkün olacaq. Əslində, hakimiyyətin yürütdüyü siyasət cəmiyyətin narazı kəsiminin sürətlə genişlənməsinə təkan verir.

Burada mühüm cəhətlərdən biri də odur ki, narazı elektorat əhalinin sadəcə, aztəminatlı hissəsindən ibarət deyil. Cəmiyyətin bütün təbəqələrində açıq hiss olunan narazılıq var və bu potensial yetərincə ciddidir.

– Beynəlxalq aləmin bu gedişata münasibəti necə olacaq?

– Azərbaycanla bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatların fəaliyyəti haqqında hər zaman açıq danışmışam. Xarici ölkələrin, beynəlxalq qurumların Azərbaycanda öz mənafeləri var və onları düşündürən yeganə məsələ maraqlarının təmin olunmasıdır. Yəni beynəlxalq aləmdən demokratiya, insan haqlarının qorunmasına dəstək kimi məsələlərdə dəstək gözləmək əbəsdir. Baxın, ölkədə siyasi motivlərlə həbs olunmuş neçə nəfər var. Beynəlxalq birlik onların heç birini həbsdən azad etdirə bilməyib.

Ümumiyyətlə, xarici ölkələr, təşkilatlar Azərbaycandakı milli-demokratik qüvvələrlə əməkdaşlıqdan hər zaman yayınıblar. Onlar ölkədə milli yox, kosmopolit qüvvələrin hakimiyyətdə olmasını istəyirlər.

– Gözlənilən siyasi proseslərin gedişində ciddi gərginlik yarana bilər?

– Doğrudur, müəyyən gərginliyin yaranması istisna olunmur. Amma düşünmürəm ki, bu proseslərin davamında xaotik vəziyyət yaransın.

Belə bir müqayisə aparmaq istərdim: 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycanda bir neçə ay sakitllik hökm sürdü. O zaman belə fikirlər səslənirdi ki, Ayaz Mütəllibov artıq hakimiyyətini möhkəmləndirib və onu yerindən tərpətmək mümkün olmayacaq. Növbəti aylarda hadisələrin inkişafı göstərdi ki, bu yanaşmanın heç bir əsası yoxdur. Yəni şərait yetişən kimi Mütəllibov və komandası hakimiyyəti müqavimətsiz təhvil verdi. O fikirdəyəm ki, qarşıdakı dönəmdə də uyğun şərait yetişsə, hakimiyyət dəyişikliyindən danışmaq mümkün olacaq.

A. Zeynalov

www.yenicag.az

3078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv