Narazı polkovniklərin səngiməyən şikayətləri: “Onlar sosial şəbəkələri son ümid yeri kimi görürlər”

“Bütün problemlərlə prezidentin özü maraqlanacaqsa, aidiyyatı orqanlarda çalışan məmurlar kimə və nəyə xidmət edirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər polkovniklər Rövşən Məhərrəmov və Qəhrəman Mənsimzadənin Müdafiə Nazirliyinin rəhbərliyi haqqında səsləndirdiyi ittihamlara münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, Müdafiə Nazirliyinin müvafiq strukturları istefda və ya fəaliyyətdə olan zabitlərin şikayətlərinə diqqətlə yanaşmalaıdırlar:

“Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı bu tip çıxışlar əvvəlki dönəmlərdə də olub. Hərbçilərin Müdafiə Komitəsi, Zabitlər Birliyi və digər qurumlar ötən dövrlərdə keçmiş müdafiə naziri Səfər Əbiyevə qarşı müxtəlif ittihamlar səsləndirirdilər. Hətta narazı zabitlərin Nazirliyi məhkəməyə verərərk, hüquqlarının müəyyən dərəcədə bərpasına da nail olurdular.

Çox sevindiridci haldır ki, nazir dəyişikliyindən sonra yeni rəhbərlik əvvəlki tənqidlərdən, iradlardan nəticə çıxardı. Hərbçilərin məişəti, maaş və ərzaq pulunun artırılması, mənzillərin verilməsi, hərbi şəhərciklərin tamamilə yenidən tikilməsi kimi addımlar atıldı. Yəni general-polkovnik Zakir Həsənovun həyata keçirdiyi bu işlər göz qabağındadır. Eyni zamanda, Aprel döyüşləri zamanı Azərbaycan ordusunun döyüş qabiliyyətinin necə yüksək səviyyədə olduğunu bütün dünya gördü.

Son vaxtlar Müdafiə Nazirliyi rəhbərliyinin yenidən hədəfə alındığını görürük və bu, bizi narahat edir. Çünki ordu bizim qürur mənbəyimizdir, dövlətimizin dayağıdır. Adları çəkilən polkovniklərin səsləndirdikləri ittihamlar çox ciddidir. Hesab edirəm ki, onların problemləri qanun çərçivəsində öz həllini tapmalıdır. Aidiyyatı orqanlar bu şikayətləri nəzarətə götürməlidir. Həmin şəxslərin tənqid etdiyi ünvanlar yersiz qürurlarından əl çəkərək, zabitlərlə görüşməli, problemin həll yollarını axtarmalıdırlar. Daha sonra isə nəticə barəsində Ali Baş Komandana məruzə edilməldir.

Bu məsələlərə nəzər salanda görürük ki, şikayətçi zabitlərin hamısı problemlərinin həllinə kömək üçün Ali Baş Komandana müraciət edirlər. Onda sual olunur, əgər bütün problemlərlə prezidentin özü maraqlanacaqsa, aidiyyatı orqanlarda çalışan məmurlar kimə və nəyə xidmət edirlər”.

Ekspertin fikrincə, Müdafiə Nazirliyinin şikayətçi zabitlərin müraciətlərinə ciddi yanaşmaması bu kimi məsələlərin ictimailəşməsinə və sosial şəbəkələrdə ordunun reputasiyasına zərbə vuran müzakirələrin açılmasına şərait yaradır:

“Belə görünür ki, zabitlər son hədd olaraq, sosial şəbəkələri ümid yeri kimi görürlər. Əgər biz milli barışıqdan danışırıqsa, aidiyyatı orqanlar zəhmət çəksinlər və özləri ilk addımı atsınlar. Bu barədə araşdırma başlanmalı olduğu halda, bu istiqamətdə addım atılmır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məmurlar mətbuatda bir-birilərinə qarşı kompromatlar uydurmaqla məşğuldurlar. Hətta prezidentin bu tənqidindən sonra belə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin bir-birinə qarşı kompramat savaşı apardıqlarının şahidi oluruq. (Dünən sosial şəbəkələrdə Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyevlə bağlı kompromat xarakterli video yayılıb – Red.).

Orduda baş verən bu cür neqativ hallar biz keçmiş hərbçiləri, müharibə iştirakçılarını dərindən narahat edir. Bir daha deyirəm, zabitlərin şikayətləri vaxtında araşdırılmalı və problemlərin aradan qaldırılması yönündə addımlar atılmalıdır”.

Səxavət Məmməd

COP29