Narışkin Gürcüstandakı hadisələrdən DANIŞDI

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən iclasında Gürcüstanın növbəti dəfə dövlət çevrilişi cəhdi ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Qərbin və xüsusən də ABŞ, Böyük Britaniya və Avropanın ölkə daxilindəki sabitliyi pozmaq cəhdləri davam edir.

Yenicag.az “Sputnik”ə istinadla xəbər verir ki, Narışkin Gürcüstanın Avropaya inteqrasiya vədləri ilə postsovet regionu ilə əlaqələrini zəiflətməsinin, ölkənin strateji mövqeyini zəiflətdiyini, lakin Gürcüstan hakimiyyətinin bu siyasətin dağıdıcı təsirini vaxtında başa düşdüyünü vurğulayıb.

Narışkin qeyd edib ki, Qərb tərəfindən bəzi MDB ölkələrində “Ukrayna ssenarisi”nin tətbiqi üçün hazırlıqlar aparılır və bu məqsədlə xüsusi xidmət orqanlarının, xüsusən də ABŞ və Avropa ölkələrinin millətçi partiyalar və hərəkatlarla sabit əlaqələri mövcuddur. Qərbyönlü, anti-Rusiya və Çin əleyhinə gündəm təbliğ edən informasiya-analitik platformalar da bu fəaliyyətin bir hissəsidir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Avrasiya təhlükəsizlik strukturlarının Avro-Atlantik təhlükəsizlik strukturlarını əvəz etməli olduğunu vurğulayıb. Onun fikrincə, anqlosakson ölkələri bölgələri bölmək və öz hökmranlıqlarını qurmaq istəyir. Narışkin bu şəraitdə Qərbin təzyiqlərinə qarşı birləşməyi təklif edib və belə bir vəziyyətdə daha güclü və təhlükəsiz yaşamaq üçün müvafiq tədbirlərin görülməsini vacib hesab edib.
Moskva şəhərində keçirilən MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclası, gələcək əməkdaşlıq və təhlükəsizlik sahəsində müzakirələrə səhnə olub. Rusiya Xarici Kəşfiyyat Xidməti əvvəlcədən iclasda birgə işin nəticələri və gələcək əməkdaşlığın prioritetləri barədə müzakirələrin aparılacağını açıqlamışdı.

Nəsimi Ələsgərli

COP29