“Narkomaniya və insan alveri ilə mübarizəni yalnız polis aparmalı deyil” – AÇIQLAMA

Yenicag.az xəbər verir ki, bu sözləri ekspert Ramiz Alıyev açıqlamasında deyib.

O, qeyd edib ki, bu yanaşma yanlışdır və belə düşüncə təhlükəlidir.

“Hər bir ailə kiçik dövlətdir ona görə də valideynlər və yaşca böyük olan insanlar özlərindən yaşca kiçik ailə üzvlərinə güclü nəzarət etməlidir. Eyni zamanda bu gün təəssüflər olsun ki, bir çox televiziya kanalları həm insan alveri, həm də narkomaniya ilə bağlı sanballı, təsiredici maarifləndirmə işləri apara bilmirlər.

Tez-tez veriliş təşkil edib bu mövzuya yaxından və uzaqdan heç bir əlaqəsi olmayan “ekpertləri” dəvət edərək “maarifləndirmə” aparmaq görüntüsü yaratmaq  göyərçinlə məktub göndərməyə bənzəyir. Eyni ilə bəzi vətəndaş cəmiyyətinin üzvlərinin və gənclər təşkilatlarının  “capy-paste” edib hazırlatdığı buklet və bröşürlər kimi. Artıq o dövrlər bitib.

Bu gün Daxili İşlər Naziriliyinin sosial şəbəkəkələrdə olan səhfələrinin narkomaniya və insan alveri ilə bağlı apardığı  maarifləndirmə işləri bəzi televiziyaların apardığı “maarifləndirmə” işlərindən qat-qat yaxşıdır və müasirdir.

Maraqlıdır ki, dövlət tərəfindən maliyyələşən  televiziyalar bu gün yenə də  10 il öncə necə maarifləndirmə işləri aparırdısa indi də o cür davam edirlər. Daha yaxşı olardı ki, mövzu ilə bağlı insanlara təsir edən, gəncləri maarifləndirən video-çarxlar, bədii filmlər, seriallar çəkilsin. Kim deyirsə ki, bu cür video-çarxlara və filmlərə baxan yoxdur onlar yalan deyirlər!

Bu il ATV kanalı ilə birlikdə biz narkomaniya və insan alveri ilə bağlı  6 bölümdən ibarət  “İFŞA” adlı serial çəkdirdik və demək olar ki, bütün ölkənin bu serialdan xəbəri oldu. Televizayaların reytinq cədvəlində də ən reytinqli seriallardan biri oldu. Ölkə mətbuatı mütəmadi olaraq bu serial haqqında yazılar yazıdı, diqqətdə saxladı.

Hətta qardaş Türkiyənin 30-dan artıq mediasında bununla bağlı yazılar getdi və türk seriallarına bənzədildiyi yazılırdı. Doğrudur, bu, Azərbaycanda ilk polis serialı idi və belə proyektlər etmək digər seriallar kimi asan deyil, ancaq bu cür film, serial və video-çarxlar çəkmək, sosial şəbəkələrdə müasir dövrə uyğun formada bununla bağlı maarifləndirmə işləri aparmaq mütləq lazımdır! Standart və keçmişdən qalan təbliğat formalarından televiziya kanalları çəkinməlidir.

Bu gün Azərbaycanın hüquq -mühafizə orqanları və xüsusən də Azərbaycan polisi gündəlik olaraq narkomaniya və insan alveri ilə bağlı apardıqları əməliyyat tədbirləri haqqında məlumat verir, istər televizayalarda, istərsə də Nazirliyin sosial şəbəkədəki hesablarında. Düşünürəm ki, maarifləndirmə işi ilə məşğul olmalı olan sahələr daha müasir formalardan istifadə etsələr və televiziyalar da o mənasız verilişlərdən uzaq olub daha müasir verilişlər, bu sahə ilə bağlı video-çarxlar, filmlər, seriallar etsələr yaxşı nəticələr olar.

Bu gün, həqiqətən, Azərbaycan polisi çox böyük əziyyət çəkir və gərgin iş rejimində çalışır ki, bu bəladan ölkəmizi və xalqımızı, xüsusən də gənclərimizi qorusun. Maarifləndirmə işləri  ilə məşğul olmalı olan sahələr də bu qayda ilə çalışmalıdır ki, ölkəmizi və gənclərimizi bu bəladan xilas edə bilək”.