Narkomanların həbsi çıxış yoludur? – “Cəmiyyət onların cinayətkar yox, xəstə olduğu ilə razılaşır” – Ekspert

Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliyə görə, Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir. Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə həmin şəxs 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Mövzu ilə bağlı narkomaniya üzrə ekspert Emil Maqalov Yenicag.az-a açıqlamasında bildirib ki, narkomaniya ilə mübarizənin əsas yollarından biri ölkədə narkoloji dispanserlərin sayının artırılmasıdır:

“Görünür, cəmiyyət narkotik istifadəçilərinin cinayətkar yox, xəstə olduğu ilə razılaşır. Həmin insanlar dərman tapmadıqlarına görə məcburi cinayətkara çevrilirlər. Çünki şəxsdə bir neçə istifadədən sonra fiziki asılılıq yaranır. Bəzi şəxslərdə isə fiziki asılılıq elə ilk dəfədən yaranmağa başlayır. Bütün hallarda narkotik istifadəçisi xəstəyə çevrilir. Narkotik vasitələri yayan məhz narkotik istifadəçiləridir. Məsələ ondadır ki, bu insanlar həbs olunmadığı təqdirdə müalicəyə göndərilməlidirlər. Çünki narkotik vasitələrdən istifadənin qarşısının alınmasının iyirmi faizi məhz həmin şəxslərin müalicə olunmasıdır. Təəssüf ki, ölkədə narkoloji dispanserlərin sayı çox azdır. Bakıda üç min narkotik istifadəçisi varsa, cəmi üç yüz səksən nəfərlik yer var. Sumqayıtda min nəfər narkotik istifadəçisi varsa, cəmi iyirmi səkkiz yer var. Ona görə də problemin qarşısını almaq üçün dispanserlərin sayını artırmaq vacibdir. Azərbaycanda ümumilikdə altı-yeddi narkoloji dispanser var. Halbuki regionlarda minimum dörd-beş dispanser olmalıdır. Eyni zamanda, insanlar müalicədən çıxandan sonra reablitasiya olunmalıdırlar. Çünki reablitasiyadan çıxmayan şəxslər yenidən narkotikə qayıdırlar. Bu gün ölkədə dövlətə məxsus reablitasiya mərkəzləri yoxdur. Özəl sektorda isə bir aylıq xidmət min beş yüz manatdan başlayır. Şəxs burada minimum üç ay, maksimum bir il yata bilər. Hər narkomanın imkanı yoxdur ki, hər ay min beş yüz manat ödəniş etsin. Bu problemlər həll olunmadan hansısa qərarın qəbulu məqsədəuyğun deyil. Çünki narkotik istifadəçiləri bütün hallarda müalicə olunmalıdırlar”.

Gülşən Şərif