Narkomanların hərbi xidmət PROBLEMİ: “Aparılan müalicə kursundan sonra…”

“Çağırışçıların hərbi xidmətə aparılmaması onlarda aşkarlanan xəstəliklərin inkişaf dərəcəsindən asılıdır”.

Bu fikirləri narkotik maddə istifadəçisi olan hərbi mükəlləfiyyətli şəxlərin müalicə edilərək hərbi xidmətə çağırılmaları haqda səsləndirilən təklifə münasibət bildirən həkim-narkoloq Fəzail Sadıqov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, narkotik maddə istifadəçilərinin birbaşa hərbi xidmətə aparılmaları doğru deyil:

“Bildiyiniz kimi, hərbi komissarlıqların nəzdində tibbi müayinə xidmətləri fəaliyyət göstərir və çağırışçılar orada yoxlamalardan keçirilir.

Sağlamlığında müəyyən problemlər olan çağırışçıların hərbi xidmətdən azad edilmələri üçün dinc və ya müharibə dövrünün tələblərinə əsaslanan şərtlər mövcuddur.

Başqa sözlə desək, çağırışçıların hərbi xidmətə aparılmaması onlarda aşkarlanan xəstəliklərin inkişaf dərəcəsindən asılıdır.

Tarixə nəzər salsaq, müharibə şəraitində əsgərlərdə yaranan qorxu və həyəcanı aradan qaldırmaq üçün onlara spirtli içki, yaxud da narkotik maddələr verildiyinə dair nümunələrin olduğunu görərik.

İndiki halda narkotik maddə istifadəçilərinin birbaşa hərbi xidmətə aparılmaları doğru deyil. Bununla belə, müvafiq müalicə kursundan sonra onların hərbi xidmətə cəlb olunmaları mümkündür. Bununla bağlı hərbi komissarlıqlarda uyğun təlimatlar var”.

Nuray Məmmədzadə

COP29