Narkotikin gətirdiyi son: “Görüş” filminin “Lala”sı necə öldü? – FOTO

Azərbaycan tamaşaçısı onu “Görüş” filmi ilə tanıyıb. Özbəkistanın görkəmli aktrisalarından biri, SSRİ kinematoqrafçıları İttifaqının üzvü, Əməkdar artist, sənədli film rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib.

1953-cü ildə Daşkənd Bədii Teatr İnstitutununun aktyorluq fakültəsini bitirib. “Yeni mənzil”, “Görüş”, “Aşiqlər”, “Əmirliyin qəzası” və s. filmlərdə çəkilib. 1962-ci ildən “Uzkinoxroniki” studiyasında çalışmağa başlayıb və 22 sənədli film çəkib.

Yenicag.az oxu.az-a istinadən “Görüş” filmində Lala İsmayılovanı canlandıran Nelli Ataullayevanın faciəvi həyat hekayəsini və sənətçi yoldaşlarının onun haqqında dediyi fikirləri təqdim edir:

Özbəkistanlı sənətçi, əməkdar İncəsənət Xadimi Əli Xamrayev:

“Nellini uşaqlıqdan xatırlayıram. Mənim anam “Uzbekfilm”də montajçı işləyirdi deyə, bütün günüm studiyada keçirdi. Nelli ora-bura qaçırdı. Heyranlıqla bu prosesi müşahidə edirdim. O qədər gözəl idi ki, işıq saçırdı”.

Nelli sənədli film rejissoru olsa da, bədii filmlərə çəkilmək istəyirdi. Lakin kimdənsə nəyisə xahiş etmək onun adəti deyildi. O, heç vaxt ruhdan düşmür, necə istəyirdisə, elə də yaşayırdı. Aşiq olanda və film çəkəndə bütün ruhunu ortaya qoyurdu. Nelli öz dostlarına “Qocalığı təsəvvür etmirəm, istəyirəm gənc və gözəl ölüm” deyirdi”.

Aktrisa universitetin son kursunda oxuyarkən Moskvadan olan Volodya adlı oğlanla evlənir. Amma həyat yoldaşının yüksək vəzifəli məmur olan valideynləri onları qəbul etmir və yeni ailəni evdən çıxarırlar. Həmin vaxt isə Nelli hamilə olduğunu öyrənir.

O, övladını itirməkdən çox qorxurdu. Volodya isə Nellinin hamilə olmasını eşidib sevinmir, çünki özünü ata olmağa hazır hiss etmirdi. Ərinin soyuq münasibətilə üz-üzə qalan Nelli imtahanlarını verib, məcburən ata evinə – Daşkəndə dönməli olur. 1963-cü ilin payızında onun oğlu – Nikita dünyaya gəlir.

Volodya isə Daşkəndə oğlunu və həyat yoldaşının qohumlarını görməyə, onlarla tanış olmağa gəlir. O, Nellini Moskvaya aparmaq istəsə də, Nelli buna razı olmur. O, oğlu ilə Daşkənddə qalmağı üstün tutur və tədricən Volodya ilə Nellinin münasibətləri pozulur.

Nelli isə həyatına davam etməyə, sənədli filmlər çəkməyə başlayır. Onu heç bir çətinlik qorxutmurdu. İstiyə, soyuğa dözüb, şəraitsiz, susuz mehmanxanalarda yaşayaraq çəkilişlər edirdi. O, həmişə daha maraqlı kadrların axtarışında idi. Tikinti kranına çıxıb, keçilməz dərələrə enirdi. Nelli xırıltılı səs tembri və şən gülüşləri ilə bütün yorğunluğunu çıxarırdı. O, bu sahədə lider idi.

Nellinin ən mənfi xüsusiyyəti isə narkotik istifadəçisi olması və içki içməsi idi. Bu məhvedici vərdişlər onun çətin həyatında dopinq idi.

Zahirən yüngül, qayğısız Nellini narahat edən isə atasının dəhşətli taleyi idi. Nellinin üç yaşı olarkən onun atası həbs edilmişdi. Xayrul Ataullayev otuzuncu illərdə əvvəlcə Buxarada, daha sonra Daşkənddə təhsil sahəsində yüksək postlarda işləyib. Anası Zöhrə Ataullayeva pedaqoq idi, məktəbdə çalışırdı.

Bacısı Tez Ataullayevanın xatirələrindən:

“Bizim uşaqlığımız pionerlər evinin həyətində keçib. Burada Özbəkistan ədəbiyyatının bir çox nümayəndəsi yaşayırdı. 1937-ci ilin aprelində atamı təhsil nazirinin müavini vəzifəsindən çıxardılar. İyunun sonunda axşam biz Nelli ilə həyətdə oynayarkən hərbi formada bir neçə kişi maşından çıxdı və mənzilimizə yollandı.

Bir müddətdən sonra anamız bizi evə çağırdı. Otaqlarda qorxunc qarışıqlıq hökm sürürdü. Şkaflarda və böyük yazı masasında bütün cəftələr sındırılmışdı. Döşəməyə kağızlar, kitablar dağılmışdı. Onlar atamı “Xalq düşməni” olmaqda ittiham etdilər.

Atam təlaşlı şəkildə və çaşqınlıqla onlara baxırdı. O, məni qucaqladı, Nellini sinəsinə bərk sıxdı, hər kəsi yanağından öpdü və dedi: “Mən tezliklə gələcəyəm!” Bu onun son sözləri idi. Anam çarpayının yanında duyanmışdı. O, ağlayırdı…

Atamın həbsindən yarım il sonra üçüncü bacım doğuldu. Bir gün əvvəl biz atamdan məktub almışdıq. O, yazırdı: “Əziz qızlarım, sizi çox sevirəm… Mənim üçün narahat olmayın… Zöhrə, əgər oğlan doğularsa, onun adını Pulatı qoy, yox, qız olarsa, Gülçöhrə olsun”.

Gülçöhrə isə xatirələrini belə bölüşür:

“Anama çox ağır idi. Atamın həbsindən sonra bizi evdən çıxardılar. Atamdan xeyli kitablar və əsərlər toplusu qalmışdı. Müharibənin soyuq illərində bu kitablar bizi donmaqdan və soyuqdan xilas etdi. Biz böyüyəndən sonra Nelli anama aktrisa olacağını bildirdi. Anam əvvəlcə buna razı olmasa da, sonrada Nellinin təkidini görüb qəbul etdi.

Rejissor fakültəsinə tələbat çox olmasına baxmayaraq, Nelli bu imtahandan uğurla keçdi. O, çox yaxşı və savadlı insanlardan dərs aldı”.

Bu illər ərzində Zöhrə Ataullayeva qızları ilə birgə müxtəlif instansiyalara həbs edilmiş həyat yoldaşının taleyini öyrənmək üçün məktublar göndərirdi. Və yalnız 1957-ci ildə onlar çoxdan gözlənilən cavabı aldılar: 1940-cı ildə Xayrul Ataullayevin güllələnməsi və onun ölümü haqqında şəhadətnamə.

Nəhayət, onların ailəsindən “Xalq düşməni” damğası silinmişdi…

1970-ci ildə tale Nellini “Kino xronikaları” layihəsinin redaktoru Şöhrət Yereminlə yaxınlaşdırır. Onları sevgi, cavanlıq, ümumi iş birləşdirirdi. O, Nikitaya atalıq etməyi qəbul edir. Nelli ona yaxın insanın dostluğuna çox sevinir, illər sonra ailə istiliyi tapdığı üçün xoşbəxt günlər yaşayırdı.

Ancaq onun bu xoşbəxt günləri çox çəkmir. Narkotik və içki ilə əlaqədar olaraq o, çəkilişlərdə problem yaşamağa başlayır. Nelli 1974-cü ilin mayından Özbəkistanın təhsil sistemi ilə bağlı sənədli filmin hazırlanması üçün Buxarada yerləşən pambıq kombinatında gerçəkləşən çəkilişlər zamanı nəfəs almaqda çətinlik çəkir.

O, kombinatdakı tozdan qaçıb küləkli havada dayanardı ki, rahat nəsəf alsın. Bu zaman bərk soyuqlayır və xəstəxanalıq olur. Xəstəxanada isə onun onkoloji xəstə olduğu ortaya çıxır. Nellidə ağciyər xərçəngi aşkarlanır. O, ən yaxşı xəstəxanalarda müalicə alırdı. Sonuncu dəfə ailəsi onu öz istəyilə Moskvaya aparır. Ancaq həkim hər şeyin gec olduğunu söyləyir.

“Nellinin son illər Nikita və anamla birlikdə yaşadığı Jukovski küçəsi ilə irəliləyərkən Nelli yola, evə və küçəyə diqqətlə baxdı. Bizi bərk-bərk qucaqladı və qəmgin səslə “Mən bu küçə ilə sonuncu dəfə gedirəm” dedi…”

27 iyul 1974-cü il axşam saat 10 radələrində Nelli Ataullayeva vəfat edir. O, ömrünün son anlarında dərin nəfəs alır və “Ata…” deyə səslənir.

Tale ona qırx üç il yaşamağa imkan vermişdi.

Nikita anasının ölümündən sonra bir müddət nənəsi Zöhrə ilə yaşayır. Lakin sonradan atası onu Moskvaya aparır. Pasport alınan vaxtı isə Nikita öz təkidilə anasının soyadını götürür. Nikita Vladimir Ataullaev hazırda uğurlu biznesmenlərdən biridir və Moskvada yaşayır. Onun ailəsi – arvadı Yelena, qızları Alina, Alyona və oğlu Alen Ataullayev soyadını daşıyırlar.

Qeyd edək ki, Nellinin çalışdığı təşkilatların heç birində sənətçinin yubiley və xatirə günləri keçirilməyib. Onun haqqında nə kitablarda, nə də qəzetlərdə yetərincə məlumatlar yayılmayıb.