Narkotikin təsiri altında mikroavtobus idarə edən sürücü həbs olundu

Abşeronda narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 8-i saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.