Naşirlər təcili iclas keçirdilər – Dövlət xidməti tənqid edildi

Bu gün saat 12-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılması qərarına etiraz olaraq Azərbaycan nəşriyyatları növbəti iclaslarını keçiriblər.

İclasda 30-dan çox nəşriyyat rəhbəri və nümayəndəsi iştirak edib. Sözügedən dövlət xidmətinin kitabxana fondları üçün kitab alışına maneə törətməsi bir daha ciddi tənqid edilib.

Sonradan iclasa qatılan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazirliyin dörd ildir, həyata keçirdiyi kitab alışını bu il də davam etdirmək üçün əllərindən gələni etdiklərini, sözügedən qurumla mütəmadi danışıqlar apardıqlarını bildirib və məsələnin tezliklə həll olunacağına ümidini ifadə edib.

Naşirlər bildiriblər ki, məqsədləri heç də bu beynəlxalq sərgininin imicinə xələl gətirmək deyil, kitab alışı ilə bağlı mütəmadi ortaya çıxan problemlərin birdəfəlik çözümünə nail olmaqdır. Eyni zamanda bu məsələnin həlli istiqamətində  yetəri qədər təşəbbüs göstərilmədiyi qənaətində olduqlarını bildiriblər.

Sonda qeyd olunub ki, naşirlər oktyabrın 7-i gün ərzində aidiyyəti qurumlardan məsələyə müsbət cavab gözləyirlər, əks halda, bəyanatda göstərilən qərarlarının qüvvədə olacağını vurğulayıblar.


COP29